Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fransa hakimiyyəti Parisin Aulnay-sous-Bois şəhərində yerləşən “Ət-Təqva” məscidinin fəaliyyətini altı ay müddətinə dayandırıb.
Sen-Sen-Deni departamentinin prefekturası məscidin “ekstremist islamçı ideologiyanı təbliğ etmək”, “cihada haqq qazandırmaq” və “şəhidliyi tərifləmək”də ittiham edildiyini açıqlayıb. Bildirilib ki, sözügedən fikirlər həm məsciddəki xütbələrdə, həm də sosial şəbəkələrdə yayımlanan materiallarda yer alıb.
Qurani Kərimin və Məscidlərin yandırılmasına normal yanaşan Fransa rəsmilərinin məlumatına görə, qərar ölkənin Daxili Təhlükəsizlik Məcəlləsinin L.227-1-ci maddəsinə əsasən qəbul edilib. Həmin maddə zorakılığa, nifrətə və ya ayrı-seçkiliyə çağırış edən, terror aktlarını təqdir edən və ya bu cür əməllərə təşviq göstərən fikirlərin yayılmasını ictimai təhlükəsizlik baxımından əsas götürməyə imkan verir.
Məscidi idarə edən dərnəyin vəkili Rafik Şəkkat isə ittihamları rədd edib. O bildirib ki, Fransa hakimiyyəti əslində imamı Quranın “Bəqərə” surəsini oxuduğu və şərh etdiyi üçün cəzalandırıb.
Vəkilin sözlərinə görə, məhkəmə bu qərarı təsdiqləyəcəyi təqdirdə Quranın özünün məscidin bağlanması üçün əsas kimi istifadə olunması təhlükəsi yaranacaq. O həmçinin bildirib ki, məscid rəhbərliyi ittihamların böyük hissəsində adı çəkilən iki imamı vəzifədən uzaqlaşdırıb.
Şəkkat məscidin bağlanması qərarının icra edilmə formasını da tənqid edib. Onun sözlərinə görə, polis ilk dəfə gecə saat 23:00-da məscidə gəlib, səhər saat 05:00-da isə bağlanmanı həyata keçirmək üçün yenidən əraziyə qayıdıb. Vəkil bu qərarın, xüsusilə cümə günü həyata keçirilməsinin yüzlərlə ibadət edən şəxsə zərər vurduğunu bildirib.
Fransadakı “İmamlar Konfransı”nın rəhbəri, Dransi şəhərinin imamı Hassen Şəlqumi isə məscidin bağlanması qərarını dəstəkləyib. O, qərarı “cəsarətli addım” adlandıraraq bildirib ki, ibadət məkanının nifrət və zorakılıq təbliğ olunan yerə çevrilməsinə yol vermək olmaz.
Qeyd edək ki, Sen-Sen-Deni departamentində daha əvvəl də məscidlərə qarşı analoji tədbirlər görülüb. 2019-cu ildə həmin departamentdə yerləşən “Şantlop” məscidi təhlükəsizlik standartlarına əməl olunmaması əsas gətirilərək bağlanmışdı. Məscidin rəhbərliyi isə həmin qərarın siyasi xarakter daşıdığını bildirmişdi.
Fransada islamçı təsirlərlə mübarizə çərçivəsində dini məkanların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər son illərdə daha da intensivləşib.
Sizin rəyiniz