Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, manatın dollar qarşısında kəskin dəyər itirməsi fonunda baş verən sosial-iqtisadi böhran oliqarx məmurlar üçün Azərbaycanın ofşor cənnəti olmasını sübut etdi. Təsadüfi deyil ki, 2015-ci ilin fevralında birinci devalvasiyanın dağıtdığı “hakimiyyətin iqtisadi inkişaf qalası”nın tör-töküntüləri yığışdırılmamış 10 il ərzində Azərbaycandan 95 milyard dollar dövlətə məxsus vəsaitin çıxarılması faktı açıqlandı.
“Cümhuriyət” xəbər verir ki, ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatının hazırladığı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısında Azərbaycanın da adı yer aldı. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb və bu müddət ərzində Azərbaycandan 95 milyard dollar qeyri-leqal yollarla çıxarılıb. Pulların hansı məqsədlər üçün oğurlandığı başqa bir yazının mövzusudur, lakin faktın ilginc tərəfi budur ki, tədqiqatın nəticəsi Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə başçılıq etdiyi dönəmləri əhatə edir. E.Mahmudov məhz tədqiqatın başladığı həmin dönəmdə MTN-nə rəhbərlik etməyə başlayıb.
“Global Financial Integrity” hesabatı Azərbaycanda keçirilən MTN əməliyyatlarının pik həddə olduğu dönəmdə təqdim etmişdi. Hakimiyyət tərəfindən gözlənilən zərbəyə məruz qalan Eldar Mahmudov da bu əməliyyatlarda “vuruldu”. Səlahiyyətləri əlindən alınan general həbs olunmasa da, ciddi formada nəzarətə götürüldü. O, MTN rəhbəri olduğu dönəmdə sahibkarlara qarşı reketçilik edib, külli miqdarda zorakı yollarla pul mənimsəməkdə ittiham olunur. Lakin bu günə kimi ölkədə iqtisadi böhranın dərinləşdiyi vaxt mənimsədiyi və müəyyən kanallar vasitəsilə ölkədən çıxardığı pullar geri qaytarmır. Generalın bu günədək xüsusi nəzarətdən çıxarılmaması da onu göstərir ki, Mahmudov bu pulları geri qaytarmaqda maraqlı deyil.
Ekspertlərin fikrincə, sabiq nazirin düşüncəsinə görə bu, onu həm həbs təhlükəsindən uzaqlaşdırır, həm də ölkədən çıxardığı bu pullar hesabına yaratdığı əlahiddə statusda qalmasını təmin edir.
Xatırladaq ki, Hakimiyyətdə anti-Qərb isteriyasının ən öndə gedən əsgərlərindən biri kimi tanınan Eldar Mahmudovun oğlunun 30 milyon funt-sterlinq (təxminən, 48 milyon dollar) dəyərində mülkünün də Londonun mərkəzində “tapılması” diqqətdən kənarda qalmamalıdır. Amma bu, necə deyərlər, hələ “jurnalıdır”, çünki Mahmudovların təkcə daşınmaz əmlakının əsas, təxminən yarım milyard dollarlıq hissəsi Avropanın digər ölkələrində – İspaniya və Çexiyadadır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır