Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Dəfələrlə bildirmişik ki, nəyin bahasına olursa-olsun, nüvə anlaşmasının əldə olunmasının tərəfdarı deyilik və İranın taleyi nüvə anlaşmasından asılı deyil.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında qərblilərin İranın nüvə mərkəzlərinə gündəlik baxışların keçirilməsi ilə bağlı istəkləri haqda sualın cavabında deyib: Ölkənin yüksək səviyyəli rəsmiləri nüvə işi ilə bağlı bütün ssenariləri diqqət mərkəzində saxlayıblar.
M.Əfxəm əlavə edib: Əgər ehtimal olunan anlaşma əldə olunarsa və ya nəticəsiz qalarsa, müzakirələr dayandırılarsa, bütün bunların təsirləri və nəticələri araşdırılıb və lazımi önləyici tədbirlər görülüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu kimi fikirlərin səsləndirilməsini media şantajı adlandırıb və deyib: İran güclü bir ölkədir və güclü məntiq əsasında rəftar edir. İran nüvə işi ilə bağlı hansısa başqa bir ssenarinin işlənilməsindən də qorxmur.
M.Əfxəm deyib: Bizim proqramlarımız şəffaf və beynəlxalq qurumlarla koordinasiya edilmiş formadadır və narahatlığa əsas yoxdur.
İran XİN sözçüsü həmçinin, İran İslam Respublikasının elə əvvəldən Yəmənə qarşı hücumlarla müxalif olduğunu bildirib və deyib: Dünya ictimaiyyətindən gözlənilən budur ki, Yəmən xalqına xüsusi diqqət ayırsın və bu ölkədə bir insan faciəsinin yaşanmasına icazə verməsin.
Mərziyə Əfxəm sonda deyib: İran İslam Respublikası Yəmən böhranına diqqət çəkmək və bu ölkə xalqına humanitar yardımların göndərilməsinə şərait yaratmaq məqsədilə müxtəlif tərəflərlə məsləhətləşmələr aparır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır