29 avqust 2022 - 17:18
ABŞ-ın Azərbaycandakı Səfirliyindən anlaşılmaz cavab

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ Səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib.

Səfirliyin sözçüsü Amerikanın Səsinin sorğusuna cavabda bildirib: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik.”Sözçü bu anlaşılmaz ifadədən sonra sözlərini belə davam edib: “Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.”

ABŞ səfirliyinin adamı bu ölkə səfirinin Şuşaya dəvət olunmasına baxmayaraq Şuşanın adını dilinə belə gətirmədən sözlərini belə davam etdirib: Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər.

O Azərbaycan Respublikasının işğaldan azad edilmiş bölgələri ifadəsindən imtina edərək bütün bölgələrinə səfərdən danışıb eyni zamanda bu kimi səfərlərin də təmənnasız həyata keçmədiyini və Amerikanın maraqlarını təmin etmək naminə reallaşdığına belə eyham vurub: “Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir.”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti rərəfindən Şuşa şəhərinə təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşaya təşkil edilən səfərdə iştirak etmir. ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşı isə bu tənqidə cavabda Şuşanın adını belə dilinə gətirmək istəməyib.

Hikmət hacıyev həmini açıqlamasında əlavə olaraq deyib: “Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər,” Hacıyev qeyd edib.

342/