17 iyun 2012 - 19:30

7-ci İmam barəsində qısa anlayışı təqdim edirik

Əvvəli ötən sayımızda. http://abna.ir/data.asp?lang=13&id=322525

 

Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir.

Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət, keflə ünsiyyətdə olmuş, təbii ki, bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə, gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü, bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət, mərhəmət və qəddarlıq, iman və küfr, barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər. O, bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları, xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) cəsur övladlarının qanını axıdır, digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O, həm namaz qılır, həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: "Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki, huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki, ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır, hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki, lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən.

Harunun iki min azyaşlı kənizi var idi ki, bunların da üç yüzü yalnız çalıb-oxumaq, rəqs etməyə məxsus idilər. Rəvayət edirlər ki, bir dəfə o, əyləncə məclisinə gəldikdə əmr edir ki, məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim təyin edir.

Harun bir dəfə bir kənizi yüz min dinara, başqa bir kənizi otuz altı min dinara almış, lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir. Şübhəsiz ki, Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli, boş yerə xərclənən bu pulların hamısı məzlum insanların, ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi. Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o, yalandan göz yaşı tökür, özünü pak insanlar kimi təqvalı göstərirdi.

Harunun həqiqi siması Müasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi, digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: "Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o, sərthissiyyatlı bir cavan olmuş, lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır. Eyni zamanda o, möhkəmiradəli bir şəxs idi. O, fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş, dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli, möhkəmiradəli, coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq təsirlənir, ucadan ağlamağa başlayır, musiqi eşitdikdə isə elə hala düşürdü ki, heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur, Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki, son dərəcə cəsarətlə deyirdi: "Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin, çox sevinərdin."

Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir, ancaq bunun müqabilində kef-damağ, əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o, həm namaz qılır, həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir, yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır, onlara fövqəladə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər, onları məhv edib aradan götürür.

Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir, ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki, müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür?

Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş, həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır: "Harun moizə dinlədikdə hamıdan çox ağlayır, qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi." Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına, qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına, sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir.

Dediklərimizdən Harunun əsl və həqiqi siması məlum olur. Ancaq təəssüflər olsun ki, bəzi tarixçilər Harunun rəftar, hərəkət və ruhiyyəsini, idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir, bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır, yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır.

Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi Bir neçə səhifə bundan qabaq qeyd etdik ki, Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki, Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır, onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq, xarici qələbələr əldə etmək, ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir, İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi, məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir, məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək, dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki, Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər. Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki, bunlar da onların bu sahədə göstərdikləri səylərin göstəricisidir. Corci Zeydan yazır: "Abbasi xəlifələri, Misrin Fatimi xəlifələri, İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar..."

Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri, hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır: "...İş o yerə çatmışdı ki, camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə, günəş batar, yağış yağmaz, bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə, həm Əməvilər, həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər. (Corci Zeydanın "İslam mədəniyyətinin tarixi" əsərinin mütərcimi Əli Cəvahirkəlamdan.))

Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi... Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə, şübhəsiz ki, fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq, yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki, yaltaqlar, öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili "Allahın kölgəsi" adlandıraraq deyirdilər: "Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir." Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tərifləyir: "Qəzavü-qədərin təyin etdiyi deyil,sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən! (İstər Allahın əmri olsun, istərsə də xəlifənin.)"

Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki, bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür, hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki, Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların "bu şəxs müsəlman deyil, zimmidir, onun üçün dua etmək düzgün deyil" iradlarına belə cavab verdi: "Düzdür, ancaq mənim sağlamlığım onun əlində,müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli,müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır, elə isə onun üçün dua etməyin eybi yoxdur."Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o, təkcə xəlifə deyil, eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki,Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o, öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu.

Hökm çıxaran şura Harunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsənin (ə) nəvəsi, Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiqin (ə) səhab