Rus bizdən müsəlman imiş!

“Gey-parad” Bu mövzu mediada müzakirə olunur

  • News Code : 290858
  • Source : Haqq Yolu
“Gey-parad”ın keçirilməsinə qadağa 2005-ci ildə Moskvada da qeydə alınıb. 2009-cu ildə, “Eurovision” müsabiqəsi Moskvada keçirilərkən də “geylər”in paradına imkan verilməmişdi. 2010-cu ildə Avropa Məhkəməsi “gey-parad”ın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırsa da Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən mərkəzi ABŞ-da yerləşən Beynəlxalq LGBT təşkilatı (LGBT-Lezbiyan, Gey, Biseksual, Transvestit) Bakıda keçiriləcək “Eurovision-2012″ müsabiqəsi zamanı (bu il mayın 22-26-da) ”ənənəvi gey-paradın” keçirəcəyi barədə bəyanat verib. Bu barədə LGBT-nin rəsmi saytında, habelə bir sıra turizm saytlarında, o cümlədən nighttours.com saytında məlumat yayılıb.

Artıq bu mövzu Azərbaycanın elektron mediasında və sosial şəbəkələrdə də müzakirə olunur.

Müzakirələrdə əksəriyyət bu cür hadisənin baş verməsinə müsbət baxmır və bunu yolverilməz sayır. Cəmiyyətin fəal nümayəndələri isə belə bir məlumatın yayılmasına xüsusilə qəzəbli yanaşır. Bir sıra siyasi dairələr isə bu məlumatı və onun arxasındakı prosesləri Azərbaycana qarşı təxribat kimi qiymət verir.

Hakimiyyət düşərgəsindən olan bir məmur isə mövzunun qeyri-ənənəvi olması səbəbindən adının açıqlanmaması şərti ilə müxbirimizə deyib ki, bütün bunlar xarici qüvvələrin Azərbaycana qarşı təxribatıdır: “Bu cür proseslər Bakıda keçiriləcək ”Eurovision” müsabiqəsinə qarşı təxribatdır. Buna imkan verməyəcəyik. Lakin gərək cəmiyyət də bu cür hallara lazımi reaksiya versin”.

Maraqlıdır ki, həmin saytda “mavi”lərin “gey-parad”ı zamanı qalmaq üçün “uyğun və dost hotellər”in siyahısı da dərc edilib. Bunlar Bakıdakı “Premier Hotel”, “Palace Hotel Baku” və “Lake Palace Hotel”dir.

Məsələ ilə əlaqədar adıçəkilən hotellərin rəhbərliyi ilə əlaqə saxladıq. Niyə bu hotellər dünyadakı seksual azlıqların siyahısındadır? “Premier Hotel”in Nəsimi adlı satış meneceri dedi ki, “Eurovision”la bağlı hotellərin bron edilməsinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadağa qoyulub və müvafiq məktub göndərilib. Nəsimi bəy onu da dedi ki, mavilərin saytında onların hotelinin adının olması təəccüblüdür: “Bu, mənəviyyatımıza ziddir. Bizim hotelin sahibi hacıdır. Buna imkan verməz. Hotelimizdə heç içki və siqaret də satılmır”.

“Lake Palace Hotel”in satış müdiri Toğrul İslamov nazirlik tərəfindən “Eurovision”la əlaqədar qabaqcadan bron qadağasının olmasını təsdiqlədi. İslamov “mavi”lərin Bakıya gəlişinə fərqli fikir səsləndirdi: “Nazirlik bron etməyə icazə verməyib. Lakin on-layn olaraq müştərilər hotelimizdə qalmaq üçün artıq müraciət edirlər. O ki qaldı ”mavi”lərə, onların Bakıya gəlişində heç bir pislik görmürəm. Xaricdə bu normaldır. Daha çox “mavi”lər bizə Almaniya və İngiltərədən müraciət edir”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov müxbirimizə dedi ki, nazirlik dövlət başçısının yaratdığı “Eurovision-2012″ komissiyasına daxildir. Bu səbəbdən də bu böyük tədbirə dair hotel planlaşdırmalarına aid bir sıra təklif və məktublar ola bilər: ”Ola bilsin ki, nazirlik hotellərə dediyiniz məktubları yollayıb. Lakin xarici qonaqların təsnifatı barədə məlumatım yoxdur, bu mövzu ilə bağlı səlahiyyətli deyiləm”.

Əlaqə saxladığımız LGBT-nin Avropa Təsisatının Endrü adlı nümayəndəsi də mavilərin Bakıda keçiriləcək paradından xəbərdar olduğunu dedi: “Təşkilatımızın mərkəzi ofisinin ”gey-parad”ın keçirilməsi barədə qərarından xəbərdaram. Məndə olan məlumata görə, homoseksualların paradında Almaniyadan tutmuş Moldovayadək olan 2 mindən çox “mavi” iştirak edəcək. Paradın keçirilməsində israrlıyıq. Sizin hökumət “Eurovision” zamanı insan azadlıqlarının təmin edilməsini boynuna götürüb və Avropa Yayımçılar Birliyi qarşısında zaminlik götürüb”.

Respublikada “mavi”lərin hüquqlarının müdafiəsi ilə məşğul olan və rəsmən “Gender və tərəqqi” adlı QHT-nin rəhbəri Kamran Rzayevlə də danışdıq: “Təşkilatımız 2007-ci ildə yaranıb. Məqsədimiz əhalinin bu hissəsi üçün müvafiq icmaların yaradılması, onlara psixoloji köməyin göstərilməsidir. Üzvlərin qeydiyyatını aparmırıq, çünki insanlar onlar barədə məlumatların polis orqanlarına veriləcəyindən ehtiyat edirlər. Hər il mən LGBT-nin Azərbaycandakı vəziyyəti barədə məlumatı ABŞ səfirliyi vasitəsilə BMT-nin İnsan Haqları Komissiyasına təqdim edirəm. O ki qaldı ”Eurovision” zamanı keçirilməsi gözlənilən “gey-parad”a, təşkilatımızın bununla heç bir bağlılığı yoxdur. Biz orda iştirak etməyəcəyik”.

Qeyd edək ki, “gey-parad”lar bir sıra Avropa ölkələrində keçirilir. Lakin onlara qarşı ciddi müdaxilə və müqavimətlər də olub. 2005-ci ildə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan “gey-parad”a mərhum prezident Lex Kaçinski qəti şəkildə etiraz edərək paradın keçirilməməsi göstərişini vermişdi. Onun bu qərarı Avropa Məhkəməsi tərəfindən 2007-ci ildə insan haqlarının pozulması kimi qiymətləndirilmişdi. Kaçinskinin təyyarə qəzasında dünyasını dəyişməsindən sonra isə Polşada “gey”lərin yolu açıldı.

“Gey-parad”ın keçirilməsinə qadağa 2005-ci ildə Moskvada da qeydə alınıb. O dövrün meri Yuri Lujkov “gey-parad”ı qadağan edən qərar çıxarmışdı. Aksiyanı keçirməyə cəhd göstərən “gey”lərin qarşısına isə millətçi gənclər çıxmışdı. Bu hadisələr növbəti illərdə də təkrarlandı. 2009-cu ildə, “Eurovision” müsabiqəsi Moskvada keçirilərkən də “geylər”in paradına imkan verilməmişdi. 2010-cu ildə Avropa Məhkəməsi “gey-parad”ın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırsa da Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi.

Müqayisə yersiz olsa da qeyd edək ki, mövcud hakimiyyət artıq bir neçə ildir ki, ölkədə sərbəst toplaşmaq azadlığına riayət etmir. Bu səbəbdən onun mayda 2000 üzdənirağın Bakıda tərbiyəsiz və əxlaqdan kənar, Azərbaycan cəmiyyətinin ənənələrinə uyğun gəlməyən bir parada icazə verməsi mümkün görünmür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib