$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Allah (c.c) Tövbə Edənləri Sevir

Oruc tutan Bakı bomjunun həyatından bir səhnə...

  • News Code : 450277
  • Source : Musavat
Brief

Qırx bir yaşlı Müşfiq: “Həmişə xoşbəxt olmaq istəmişəm... Allah böyüyümdür mənim. O qədər çətinliklər görmüşəm ki. Qarın altında, çöldə soyuqda qalmışam, sulu zirzəmilərdə yatmışam. Ancaq yaxşı insanlara, bəndələrə rast gəldim, məni normal həyata qaytardılar. Allah mənə çox kömək olub çətin anlarımda...”

Onun küçədə yatdığını çoxdan görürdüm, paytaxtda yeni tikilmiş hündürmərtəbəli binanın yaxınlığında, zibil yeşiklərinin yanında yerdə yatırdı. Soyuq, yağışlı günlərdə çirkli pencəyini başına çəkirdi ki, yağış heç olmasa üzünə yağmasın. Pencəyinə bükülüb yatırdı bu adam. Arabir altına karton parçaları atırdı, çox zamansa elə asfaltın üstündə uzanıb yuxuya gedirdi...

Bir müddət sonra yaxınlıqdakı binanın sakinlərinin ona köməklik etdiyini eşitdim. Kimisi ona yemək gətirdi, kimisi bir manat pul, kimisi də köhnə adyal. Adam adyalı kartonun üstünə sərir, cırıq ayaqqabılarını çıxarıb divarın küncünə qoyur və adyalın bir küncü ilə üstünü örtüb yatırdı...

Həmişə yatmırdı təbii... Hərdən yaxınlıqdakı zibil yeşiklərini eşələyib nə isə tapıb yeyirdi. Hərdən yaxınlıqdakı hündürmərtəbəli binalardakı balkonlara, pəncərələrdən gələn işığa da baxırdı. Bu binada mənzillərin qiyməti nə az, nə çox yüz min manatdan başlayır... Hərdən yatdığı yerdən otuz metr məsafədə yerləşən bağçaya və ondan da bir qədər aralıdakı məktəbə baxırdı...

O, qırx bir yaşlı bomjdur. Özünün dediyi kimi, həyatı gətirməyən, gecələməyə yeri olmayan, uzaq rayondan olan birisi... Artıq həmin bahalı binaya tərəf uzanan pilləkənin altında qonşular ona yatmağa yer düzəldiblər. Yatacaq, köhnə çarpayı, bir neçə köhnə ev əşyası da var artıq. Kiçik stol, bir stul, kiçik kətil, şkaf, işləməyən divar saatı, dini kəlam yazılmış tablo və haradansa tapdığı köhnə uşaq arabası...

Qonşuda tibb bacısı olan yaşlı qadın müalicə  də edib onu. İçkini, siqareti atıb hətta. Ramazanda oruc tutub ay boyunca. Artıq paltarları çirk içində deyil, kiminsə verdiyi qırağı qırıq teştdə özü yuyur. Bu qədər dərdin içində yaşamağa ümidi də var...

Ramazan bayramında bu bomjun yaşayışından yazmaq istədim. Ancaq bildirdi ki, hələ bir gün sonra bayram edəcək. Sonra da güldü acı-acı: “Onsuz da həmişə ac oluram, bayram yox ki, mənimçün...”. Sevinir balaca sığınacağına qonağın gəlməsinə, stulu götürüb az qala yalvarır ki, oturum: “Otur ay bacı, otur. Ayaq üstə durma”. Deyir ki, tanıyır məni, bu bahalı binada yaşadığımı da bilir: “Uşağınızı buradan aparanda görürəm sizi”. Adı Müşfiqdir həmsöhbətimin. Onunla söhbətim bu cür oldu:

- Bu gün bayramdır. Necə qeyd edəcəksiniz? Nə bişirmək imkanınız var?

- Heç nə bişirməyə imkanım yoxdur, qonşular gətirirlər yeməyi. Bayramı sabah qeyd edəcəm, kim nə gətirsə, onunla. Qonşular kömək edirlər mənə. Hələ işləmirəm, bayramdan sonra da Allah Kərimdir...

- Amma azından, küçə həyatından ayrılmısınız deyə bilərik.

- Ayrılmışam, Allahın yoluna keçmişəm. Şükür Allahın bu gününə... İçmirəm artıq. Oruc tuturam, namaz da qılacam. Sadəcə latın hərflərini oxuya bilmirəm, ona görə dini kitabları oxumaq çətindir.

- Sizin üçün Allah nədir?

- Allah mənim üçün müqəddəsdir. Məni yaradan da Allahdır, ruzimi verən də Allahdır. Allaha sığınıram.

Allah böyüyümdür mənim. O qədər çətinliklər görmüşəm ki. Qarın altında, çöldə soyuqda qalmışam, sulu zirzəmilərdə yatmışam. Ancaq yaxşı insanlara, bəndələrə rast gəldim, məni normal həyata qaytardılar. Allah mənə çox kömək olub çətin anlarımda...

- Bayaq uşaqdan danışdınız. Sizə də qismət olsun. Özümüz də uşaq olmuşuq. Uşaqlıqda ən böyük arzunuz, çatmaq istədiyiniz arzunuz nə olub? Xatırlayırsınız?

- Həmişə xoşbəxt olmaq istəmişəm.

- İndi ən böyük arzunuz nədir?

- Bu pilləkənin altını düzəldib orada yaşamaq... İmkan versələr, qonşular kərpiclə hörəcək buranı...

- Arzunuz çox dəyişib... Özünüz böyüdünüz, arzunuz kiçildi... Hansı arzu daha yaxşı idi?

- Həyatdır da... Mən neyləyə bilərəm ki? Böyüdüm və heç nə edə bilmədim...

- Bütün arzulara çatmaq üçün sizcə, pul lazımdırmı?

- Mənə elə gəlir ki, pul lazım deyil. Pul bu gün var, sabah yox, pul əl çirkidir. İnsanlıq, yaxşılıq, mərifət qalır adama.

- Necə oldu kimsəsiz həyata düşdünüz? Nədən oldu başınıza gələn çətinliklər?

- İş tapmamaqdan, kimsəsizlikdən, köməksizlikdən. Atam- anam yox, evim, torpağım, yurdum yox. Hara iş üçün gedirəm, deyir. Get, gələrsən. O hər şeyi pulla ölçür, mənim də pulum yoxdur.

- Küçədə qalanlar üçün sığınacaqlar yaradılmışdı ötən qışda? Heç oldunuzmu orada?

- Hə, mən də oldum orada, hamısı yalan, fırıldaq. Bir şalvar, köynək verdilər. Bir qədər də yemək. Bir neçə gün qaldıq, vəssalam. Sonra arxamızdan təpik vurdular ki, gedin küçəyə. Öz ciblərinə işlədilər sadəcə...