Rəhmət Qapılarının Üzümüzə Açılan Gecə

Əhya və Qədr gecəsinin əməlləri

  • News Code : 762142
  • Source : ABNA- Xəbər Agentliyi“ehliwie-samux” və “ya-ali”-ə istinadla
Brief

Qədr gecəsi mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə, İmam Zaman həzrətlərinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) enər və əmrləri O həzrət çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müqəddəs Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Məhz ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir.Rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya da 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə “leylətul-qədr” – qüdrətli, əzəmətli gecə adlanır.

Qurani-kərimin "Qədr" surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır."

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayin sultanı" da adlandırırlar. Bu gecələri qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə olur. Bu gecə məsləhət görülən ibadətlər dua kitablarında bəyan olunub. Ramazan ayı ərzində mühüm məqamlardan biri də Qədr gecələridir.

İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə (səlləllahu əleyhi və alih) məhz bu gecədə nazil olub. Odur ki, müsəlmanların hər il Ramazan ayında bu gecədə oyaq qalıb dua etmələri savab əməl sayılır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan - Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail əleyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır. Bu səbəbdən, Qədr gecəsinin savabı min ayın savabından çoxdur.

Qədr gecəsi mələklər və Cənab Cəbrail həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Təbarəkə və Təaladan əmrlər alıb yerə, İmam Zaman həzrətlərinin (Allah onun şərəfli gəlişini tezləşdirsin) enər və əmrləri O həzrət çatdırarlar. Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib, Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır.

Həmin gecə sakitçilik, əmin-amanlıq olur. Həmçinin möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!

Həmin səhər günəş şüasız olaraq çıxır. Peyğəmbərimizin (s) səhabəsi olan Ubey İbn Kəb belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir... Onun əlaməti odur ki, həmin gün səhər günəş ağapaq şüasız çıxır.”

 

Qədr gecəsinin özünə məxsus əməl və ibadətləri

Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir: 

1) Qüsl etmək.

2) Əhya saxlamaq.

3) Məscidə getmək.

4) Tövbə etmək.

5) Quranı qarşılamaq.

6) Təvəssül etmək.

7) Qədr gecəsinin namazı.

8) Yüz rəkət namaz.

9) Quran oxumaq.

10) İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarəti.

11) Həzrət Əlinin (ə) qatillərinə lənət oxumaq.

12) Salavat zikr etmək.

13) Cövşən-kəbir duasını oxumaq.

14) İxlas  surəsini oxumaq.

 

1) Qüsl etmək.

Qüsul edərkən belə niyyət edilir: "Qədr gecəsinin qüslunu edirəm: qürbətən iləllah.” (Qürbətən iləllah yəni, Allaha yaxın olmaq üçün onun əmrini yerinə yetirmək deməkdir). Bu qüslun böyük savabı vardır. Bu müstəhəb əməli, sübh azanına qədər etmək olar. Amma daha yaxşı olar ki, bu qüsul məğrib azanına yaxın verilsin.

 

2) Əhya saxlamaq.

Yəni, səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq.  Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.” Qədr gecəsi çox yaxşı olar ki, insan əhya saxlayıb həmin gecəni səhərə qədər oyaq qalıb ibadətlə məşğul olsun. Çünki belə bir gecə il ərzində cəmi bir gecədir. Yəni ayə və hədislərə əsasən Qədr gecəsi Ramazan ayının gecələrindən birinə təsadüf edir. Həmçinin çox ehtimal vardır ki, bu üç gecənin biri Qədr gecəsi olsun. Bu üç gecənin hansı olduğu dəqiq bilinmir. Bəzi hədislərə əsasən daha çox ehtimal 21 və 23-cü gecənin Qədr gecəsi olmasına ehtimal verilir.

Bir nəfər İmam Sadiq (ə)-ın məhzərinə gəlib dedi: Ey Allahın höccəti, çox yaxşı olardı ki, qədr gecəsinin hansı gecə olduğunu mənə deyəsiniz. Həzrət buyurdu: Nə üçün istəmirsən ki, bu üç gecənin hər üçünü səhərə qədər əhya saxlayıb Allaha ibadət edəsən? Sən bu ibadəti hər üç gecə yerinə yetir.

Digər bir hədisdə nəql olunur ki, İmam Sadiq (ə)-dan soruşdular: Ey Allahın höccəti, Qədr gecəsinin bu üç gecədən hansı olduğunu bilirsinizmi? Həzrət buyurdu: Necə bilməyim ki, həmin gecə mələklər gəlib mənə salam verərək ziyarət edirlər. Mən onun hansı gecə olduğunu bilirəm. Amma məsləhət budur ki, siz bunu bilməyəsiz və bu üç gecənin üçünü də əhya saxlayıb Allaha ibadət edəsiniz. Buna əsasən də biz hər üç gecəni oyaq qalmaqla əhya saxlayıb səhərə qədər ibadət edirik.

 

3) Məscidə getmək

Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim, lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm. ”Qədr gecəsində möminlərə çox yaxşı olar Allah evlərində (məscidlərdə) cəmləşib dua və ibadət edərək Quranı qarşılasınlar.

 

4) Tövbə etmək

Bu gecənin xüsusi əməllərindən biri budur ki, yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” (Ey mənim Allahım, Səndən günahlarımın bağışlanmağını diləyir və tövbə edərək Sənə tərəf qayıdıram) demək və tövbə etməkdən ibarətdir. Bu əməlin mənası belədir: insan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm. ”

İnsan Allahla belə münacat edib desin: İlahi, bu günə qədər bilməyərəkdən günahlar etmişəm, unutqanlıq üzündən Sənin sözündən çıxmışam, mənim dağ boyda olan günahlarımı bağışla. İlahi, Sənin rəhmətin mənim günahlarımdan daha böyükdür. Öz rəhmətinlə mənim günahlarımın üstündən əfv qələmi çək. Ey rəhməti hər şeydən böyük olan Allah, mənim keçmişdə etdiyim günahlarımı bağışla. Bu gündən sonra mən Sənin bütün buyurduqlarına əməl edəcəyimə söz verirəm." Burada bir incəliyi qeyd etməyi lazım bilirəm. Qədr gecəsi insan təmiz ürəklə Allahdan günahlarının bağışlanmasını istəsə, Allah onu bağışlayar və tövbəsini qəbul edər. Tövbəsi qəbul olan şəxsin də duaları və ya dualara amin deməsi tez qəbul olar.

İmam Səccad (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: "Dəryada üzən bir gəmi batır və gəmidə olanların hamısı qərq olur. Lakin cavan bir qadın nicat taparaq sahilə çıxır. Sahildə bir cavan oğlan həmin qadını görür və ona qarşı pis fikrə düşür. Qadına yaxınlaşmaq istəyəndə görür ki, qadının bədəni qorxudan tir-tir əsir. Oğlan ondan soruşur: "Niyə əsirsən və nədən qorxursan? Burada bizi heç kəs görmür.” Qadın deyir: "Düzdür, burada heç kim yoxdur, lakin bizim bu hərəkətimizi Allah görür. Sən Allahın bəndələrindən qorxub həya etdiyin halda, mən Allahın özündən necə qorxub həya etməyim?” Qadının bu sözləri oğlanın qəlbində dərin təsir qoyur və qadına əl vurmayıb elə oradaca tövbə edir. Sonra qadından ayrılıb öz yolu ilə gedir. Yolda qoca bir abidlə rastlaşır. Onunla abidin gedəcəkləri yer eyni olduğundan yol yoldaşı oldular. Günəşin qızmar şüaları altında əziyyət çəkə-çəkə yol gedirdilər. Abid deyir: "Sən dua et, mən də amin deyim ki, Allah bizim başımızın üstünə bir bulud göndərsin, o, günəşin qızmar şüalarındani bizi qorusun.” Oğlan deyir: "Mən günahkar bir insanam. Mən dua etsəm, Allah mənim dualarımı qəbul etməz. Gəl, sən dua et, mən də sənin dualarına amin deyərəm. Çünki sən neçə illər Allaha ibadət etmisən və Allah yanında sənin hörmətin vardır. ”Abid onunla razılaşıb dua edir, təzəcə tövbə etmiş oğlan da onun dualarına amin deyir. Bir neçə dəqiqə keçməmiş Allah-təala onların başı üzərinə bir bulud göndərir. Onlar yol getdikcə bulud onları müşaiyət edərək günün qızmar şüalarının istisindən qoruyurdu. Onlar gəlib iki yol ayrıcına çatırlar və ayrılmalı olurlar. Bir-biri ilə xudahafizləşib ayrıldıqdan sonra, bulud təzə tövbə etmiş oğlanı günəş şüalarından qorumaq üçün onun ardınca gedir.” Sonra İmam Səccad (ə) əlavə edərək buyurdu: "Allah-təala abidin dualarına görə yox, təzəcə tövbə etmiş cavan oğlanın dualara amin deməsinə görə o buludu göndərdi.” Buna görə də xüsusən Qədr gecəsində tövbə etdikdən sonra Allahdan hər dilək istənilsə, Allah o duaları qəbul edər.

Həzrət Əli (ə) buyurur: "Dua edərkən duaların əvvəlində və axırında Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərdikdə Allah-təala o duaları mütləq qəbul edər. Çünki hər kim Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərsə, mümkün deyil ki, Allah-təala o salavatı və duaları qəbul etməsin. Buna görə də, Allahın duaların əvvəlini və axırını qəbul edib ortalarını qəbul etməməsi mümkün deyil. ”Yaxşı olar ki, insan dua edərkən müsəlmanları, öz ata-anası, qonşuları, qohum-əqrəbası və s. üçün də dua etsin. Çünki ola bilsin, insanın özü üçün etdiyi dualar qəbul olmasın, lakin başqaları barədə etdiyi dualar qəbul olsun. İnsanın ona pislik edənlər üçün də dua etməsindən Allahın xoşu gəlir. Çox yaxşı olar ki, insana pislik edənlərin hidayət olması üçün də dua olunsun.

Malik Əştər bir gün bazardan keçərkən, bir nəfər xurmanı yeyib tumunu ona atdı. Malik ona baxıb bir söz demədi və öz yoluna davam etdi. Malikə xurma tumu atan şəxsə dedilər: "Sən bilirsən o kimdir?” Dedi: "Yox.” Dedilər: "O, Malik Əştərdir.” Həmin şəxs Malik Əştərin güclü bir pəhlivan, sözü keçən və vəzifəli bir şəxs olduğunu bilirdi. Elə ona görə də qorxudan üzr istəmək üçün onun ardınca qaçdı. Gördü ki, Malik məscidə daxil oldu. Onun dalınca məscidə girəndə gördü ki, Malik namaza başladı. Oradaca əyləşib Malikin namazı qurtarmasını gözlədi. Malik namazı qurtaran kimi yanına gedib üzr istədi. Malik ona dedi: "Mənim məscidə gəlmək məqsədim yox idi. Sənin o hərəkətinə görə bu məscidə gəlib, iki rükət namaz qılıb, Allahdan sənin hidayət olmağını və günahlarının bağışlanmasını istədim.” Odur ki, insan ona pislik edənlər üçün də dua etsə, çox yaxşı olar və bu əmələ görə də Allah onu da bağışlayıb hidayət edər.

 

5) Quranı qarşılamaq.

Qədr gecəsində bizim öhdəmizə düşən əməllərdən biri budur ki, Quranın nazil olduğu bu mübarək gecədə Onu qarşılayaq. İnsan uzaq səfərdən gəlmiş qonağını qarşalımıq üçün hətta gecənin yarısı olsa da belə onun qarşısına çıxaraq hörmətlə qarşılayır. Bəzən qonağın qarşısına çıxmaq üçün insan hava limanına gedib saatlarla onun gəlişini gözləyir. Bir qonağı qarşılamağın ədəb ərkanı olduğu kimi, Quranı qarşılamağın da ədəb ərkanı vardır. Yuxarıda geyd etdiyimiz kimi Quranın nazil olduğu bir gecədə ibadət etməli və göz yaşı ilə onu qarşılamalıyıq. Qədr gecəsinin Quranın nazil olduğu bir gecə olduğu üçün Onu qarşılamağın da özünəməxsus ədəb-ərkanı və əməlləri vardır. Qədr gecəsi Quranı başımızın üzərinə qoyub Allahla münacat edirik. Bu əməlin mənası budur ki, Allah bizə hörmət edib Quran nazil edir və biz də hörmət əlaməti olaraq Quranı başımızın üstündə saxlayırıq, yəni, bütün məxluqatın içində Allah-təala öz sözlərini məktub şəkilində yalnız insan üçün göndərmişdir. Biz də minnətdarlıq edərək o kitabı qəbul edib başımızın üzərinə qoymaqla Onun hər bir ayəsinə əməl edəcəyimizə söz veririk. Bu əməlimizlə bildiririk ki, İlahi, Sən bizə hörmət edib Quran nazil etdiyinə görə biz də Onu hörmətlə qarşılayıb Onun hər bir ayəsinə əməl edəcəyik. Həzrət Peyğəmbər (s) Quran barədə bizə belə buyurur: Quran oxuyun, Onun ayələrinə əməl edin və Ondan uzaqlaşmayın. Quranın ayələrini öz fikirlərinizlə düşünməyin.

1. Quranı özünüz üçün çörəkağacı etməyin.
2. Quranın adından istifadə edib özünüzə məqam qazanmayın.

Digər bir hədisdə Həzrət belə buyurur: Hər kəs Allahın kitabına tabe olsa (Qurana əməl etsə), bu kitab həmin şəxsi azğınlıqlardan qutarar və Qiyamət günü hesab-kitab zamanı həmin şəxsi oddan qoruyar. Əlbəttə bir daha qeyd etmək lazımdır ki, ayələrini oxuyub əməl edən insanı Quran hidayət edər və Cəhənnəm odundan qoruyar. Quranı alıb evdə saxlamağın insana faydası olmaz. Quranı açıb oxumaq, ayələri barədə düşünmək və hər bir ayəsinə Allahın istədiyi kimi də əməl etmək lazımdır, məsələn: Allah-təala Quranda təqribən 67 dəfə bizi namaza çağırır. Hər kim namaz qılırsa deməli Qurana hörmət edir. Allah- təala ildə bir ay oruc tutmağı vacib edir. Əgər bir müsəlman Ramazan ayında oruc tutursa deməli İslama inanır və Allahı tanıyır. Əgər bir müsəlman Ramazan ayında üzürsüz yerə oruc tutmursa həmin şəxs Allaha və Qurana necə inanır? Allah-təala bu əməlləri vacib etməklə insanı təmizləyib hidayət edərək izzət bəxş etmək istəyir. Allah insana oruc, namaz və s. əməlləri verməklə bəndəsinin Ona yaxınlaşmasını istəyir. Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm.”

Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:

1. Bikə ya Allah (10 dəfə)

2. Bi Muhəmmədin (s) (10 dəfə)

3. Bi Əliyyin (ə) (10 dəfə)

4. Bi Fatimətə (ə) (10 dəfə)

5. Bil Həsəni (ə) (10 dəfə)

6. Bil Huseyni (ə) (10 dəfə)

7. Bi Əliyyibn Huseyn (ə) (10 dəfə)

8. Bi Məhəmməd ibn Əli (ə) (10 dəfə)

9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)

10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)

11. Bi Əliyyibn Musa (ə) (10 dəfə)

12. Bi Məhəmməd ibn Əli (10 dəfə)

13. Bi Əliyyibni Muhəmməd (ə) (10 dəfə)

14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)

15. Bil Höccəti (ə) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur. Ümumiyyətlə hər kəs Allahı sidq ürəkdən çağırırsa, Allah həmin şəxsə cavab verir. Bu barədə hədis və rəvayətlər çoxdur. Nümunə üçün birini nəzərinizə ərz edirəm: Həzrət İbrahim (ə) peyğəmbəri tonqalın içinə atdıqdan sonra Nəmrudun mühasibini xəzinənin hesabı əskik gəldiyinə görə tutdular. Mühasib təqsirkar olmadığını nə qədər dedisə bütlərə nə qədər and içdisə, xeyri olmadı. Öz canına, balalarının canına və Nəmrudun canına and içdi, yenə xeyri olmadı. Nəmrud ona inanmadı əmr etdi ki, onu da İbrahimin (ə) yanına tonqala atsınlar. Mühasib gördü ki, əli hər yerdən üzülüb çarəsiz qalmışdır. Odur ki tonqala atılarkən fikrini cəmləyib Allahı bir dəfə ürəkdən səslədi. Allah-təala mələklərə ona nicat verməyi əmr etdi. Mələklər dedilər: "İlahi! O, kafirdir və səni inkar edir. Niyə ona nicat verirsən?” Allah-təala buyurdu: "O, kafir də olsa, mənim adımı bir dəfə dilinə gətirdi. Elə buna görə də onun harayına yetişin!” Görürsünüzmü mehriban və mərhəmətli Allah öz bəndəsinə kafir olsa belə, bir dəfə səsləməklə necə oddan nicat verir? Bəs bizlərə necə mərhəmət göstərməzmi? Ona iman gətirib müsəlman olduğumuz hamının bu gecə evində yatarkən məscidə toplaşıb oyaq qaldığımız halda göndərdiyi müqəddəs Quranı başımız üzərinə tutaraq hər şeydən pak olan məsum peyğəmbərinə və imamlara ağlar gözlə əl açıb and verdiyimiz halda, bizim dualarımızı qəbul etməzmi? Əlbəttə, qəbul edər. O böyük və mehriban Allah Qədr gecəsini elə ona görə təyin etmişdir ki, bəndələri bu gecəni oyaq qalıb ibadət etsinlər, Ondan öz dünya və Axirət umacaqlarını dilə gətirsinlər, Onun özünə peyğəmbərinə və məsum imamlara and versinlər. Beləliklə, Allah-təala inşəllah hamının duasını qəbul edər.

 

6) Təvəssül etmək

Bu gecənin əməllərindən biri budur ki, Əhli-beyti Allahla öz aramızda vasitəçi qərar verək. Allah-təala Quranda buyurur: "Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın." Bu ayə bizə bildirir ki, Allahla öz aramızda bir vasitə tapmalıyıq. İnsanın həyatında çox işlər vardır ki, yalnız vəsilə ilə qaydasına düşür. Sadəcə bir misalı nəzərinizə yetirirəm, məsələn: ata öz uşağını hansısa nalayiq hərəkətinə görə evdən qovur. Həmin uşaq bir müddətdən sonra evə qayıtmaq istəyir, lakin atası onun evə gəlməsi ilə razılaşmır. Həmin uşaq atasının ən yaxın dostunu və ya adamını tapıb ondan xahiş edir ki, əlindən tutub atasının yanına aparsın. Bilir ki, həmin şəxsin vasitəsi ilə və onun hörmətinə görə atası onu bağışlayar.

Həzrət Peyğəmbər(s)-dan soruşdular: "Ya Rəsulallah, Allahla insanlar arasında ən gözəl vasitələr kimləridir?” Həzrət Peyğəmbər (s) buyurdu: "Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən olan imamlar. Onlar qırılmayan möhkəm dəstəkdirlər (Ürvətül-vüsqadırlar). Onlar sizinlə Allah arasında vasitədirlər.” Başqa bir hədisdə belə buyurur: Hər kim nicat gəmisinə minmək istəyirsə və hər kəs Allahın möhkəm olan dəstəyindən və ipindən yapışmaq istəyirsə, məndən sonra Əli (ə)-ın ətəyindən möhkəm tutsun. Onun düşmənini özünə düşmən bilsin,həmçinin imamları özünə vasitəçi bilib onlara itaət etsin. Beləliklə qədr gecəsi Quranı başımızın üzərinə qoyub Peyğəmbərin, Xanım Fatimeyi Zəhra (s.ə)-nın və on iki imamın adını on dəfə çəkərək Allaha and verməklə günahlarımızın bağışlanmasını və istəklərimizi diləyirik. Bu əməlin rəmzi də budur ki, biz Peyğəmbər (s) və Əhli-beyt (ə)-ı  Allahla öz aramızda vasitəçi qərar veririk.

 

7) Qədr gecəsinin namazı.

Qədr gecəsində qılınan bu namazın böyük şərafəti vardır. Bu namazı məğrib namazı ilə sübh namazı arasındakı vaxtda qılınır. Bu namazın qaydası belədir:

Niyyət: "Qədr gecəsinin namazını qılıram: qürbətən iləllah.”Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllahu) surəsi oxunulmalıdır. Namazı qurtaran kimi fasiləsiz alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyilir. İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyərsə səcdədən qalxmamış Allah həm onun özünün, həm də ata-anasının günahlarını bağışlayar.” Bu namazı qılandan sonra çox yaxşı olar ki, insan bacardığı qədər çox dua etsin. Həm özünü, həm də başqalarını pak niyyətlə dua etməyin böyük savabı vardır.

 

8) Yüz rəkət namaz

Qədr gecəsinin məxsus 100 rükət müstəhəb namazı var. Bu namaz sübh namazı kimi iki rəkət-iki rəkət qılmaq lazımdır. (Qeyd etmək lazımdır ki, boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar).

 

9) Quran oxumaq.

Qədr gecəsində ən çox savabı olan əməllərdən biri Quran oxumaqdır. Hər kəs Quran oxuya bilirsə hədis və rəvayətlərə əsasən bu gecə Ənkəbut, Rum və Duxan surələrini oxusa böyük əcr və savaba nail olar.

 

10) İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarəti

Qədr gecəsinin müstəhəbb əməllərindən biri də İmam Əli (ə) və İmam Hüseyin (ə)-ın ziyarətidir.

 

11) Həzrət Əlinin(ə) qatillərinə lənət oxumaq

Bu gecənin ibadət və əməllərindən biri də Həzrət Əli (ə)-ın qatilinə lənət oxumaqdan ibarətdir. Yüz dəfə "Allahumməl‟ən qətələtə əmirilmöminin.” demək (Yə‟ni: "İlahi Əmirəl-mö‟minin Əlinin(ə) qatillərinə lənət et.”).

 

12) Salavat zikr etmək

Peyğəmbər və onun Əhli-beytinə salavat göndərməyin xüsusilə qədr gecəsində böyük savabı vardır. "Allahummə səlli əla Məhəmmədin və ali Məhəmməd."

 

13) Cövşən-kəbir duasını oxumaq

Bu duada Allahın mübarək adları yazılmışdır. Hər kəs Allahın adlarını zikr edib çağırırsa Allah da həmin şəxsə cavab verir. Bu duanı oxumağın çox böyük savabı vardır.

 

14) İxlas surəsini oxumaq.

Qədr gecəsində müstəhəb əməllərdən biri də 1000 dəfə "İxlas" surəsini oxumaqdır. Hər kəs bu gecə "İxlas" surəsini oxusa Allah-təala həmin şəxsə böyük əcr inayət edər.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky