Əqidəvi Suala Cavab

Ayətullahl-uzma Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir- II hissə

  • News Code : 344220
  • Source : Deyerler
Məhdəviyyət - ən mütavatir islami mənbələrə əsaslanan etiqaddır

Əvvəli Ötən sayımızda...

Bütün dinlərdə intizar etiqadının ümumiyyət təşkil etməsinin özü də dediklərimizə başqa bir dəlildir. Çünki bəzilərinin dediyi kimi, əgər intizar hissi xüsusi və məhdud şəraitin doğurduğu hisdirsə bu qədər ümumiyyyət təşkil etməməliydi. Əslində onların dediyi kimi əgər bu anormal psixoloji bir hisdirsə, bu bir millətdə, bir dində baş qaldıra bilər. Amma bütün dinlərdə eyni etiqadın olması, bütün millətlıərdə eyni hissin yaşanması anormallıq yox, təbii bir hiss olmalıdır.

Təkcə fitri hisslər ümumiyyət təşkil edir. Yer üzündə nə vaxtsa ədalət bayrağını ucaldacaq, bütün dünyaya sülh gətirəcək bir şəxsiyyətin gəlişinə inam, insanın fitrətində qoyulmuşdur.

Mehdinin zühuruna etiqadla bağlı bəzi qərbpərəst alimlərin nəzərinə görə, bu inanc islama kənardan gəlmişdir. Görəsən bu doğurdan belədir? Bu etiqad islama kənardan idxal olumuş bir fikirdir, yoxsa islamın digər köklü təlimləri kimi Peyğəmbərimiz (s) tərəfindən bəyan edilmişdir?

Bu sualın cavabını biz islam barədə səthi məlumatları olan, hər şeyi mikroskop altından kəşf edən və ancaq pozitivist üsullara inanan şərqşünasların dilindənmi eşitməliyik? Şərqşünasların əksəriyyətinin bəlkə də belə məsələlərdə qərəzləri olmur. Amma onların öyrənib tətbiq etdikləri metodlarla islamın həqiqətini dərk edib üzə çıxarmaq olmaz.

Ən böyük bədbəxtlik isə müsəlmanların öz dinlərini dərk etmələri üçün xarici mütəxəssislərə üz tutması, şair demişkən, öz əllərində olanı yaddan təmənna etmələridir.

Sahildə ilişib qalmış biçarələrdən dənizin dərinlikləri barədə xəbər alıb nə öyrənə bilərsiniz? Sədəfin yerini öyrənib mirvari əldə etmək istəyənlər dərinliklərdə üzə bilən mahir dalğıclara üz tutmalıdırlar.

Həzrət Peyğəmbəri (s) yenidən tanımaq üçün avropalı alim Georqiodan, Əlini (ə) tanımaq üçün Livanlı xristian alimi Corc Cərdaqdan, Fatiməni (s.ə.) tanımaq üçün məsihi Süleyman Kətanidən kömək istəmək, Mehdi (ə.f.) ilə bağlı məsələləri dərk etmək üçün sualları Marqliuta ünvanlamaq özü azdırıcı yol deyilmi? Düzgün tədqiqat üçün qeyri-səhih mənbələrə müraciət etmək, naşı adamlara üz tutmaq hansı düzgün nəticəni verə bilər? Bunun özü “xaricdən idxal olunan islam” deyilmi?

Biz demirik şərşünaslıq tamamən qərəzli mövqe tutub və ya şərqşünaslar hamısı əyri yolla addımlayırlar. Demək istədiyimiz budur ki, Qərbə vurğunluq çox vaxt insanı kor edir. İslamın əqidə təlimlərinin təməlini Avropa alimlərinin akademik fikirləri üzərində qurmaq düzgün yol deyil. Avropa texnologiyada və bir çox sahələrdə inkişaf edib, bizdən öndədir. Bu sahədə təəssüflər olsun ki, biz onlardan öyrənirik, onlardan kömək alırıq. Çünki bu maşının, dəzgahın yaradıcıları onlardılarsa, bunu onlardan yaxşı kim bilə bilər? Amma islamı gedib onlardan öyrənmək gülməli və qeyri-məntiqi olardı.

Onların islamşünaslığı digər sahələrdə olduğu kimi ancaq maddi meyarları qəbul edir. Ancaq maddi tərəzi ilə hesab aparan akademistlərin tədqiqatı sonda “materialist islam” modelini ortaya qoyur. Bu islamın prinsip dəyərləri ancaq maddi meyarlar çərçivəsində - iqtisadi həyat, cəmiyyətin su və çörəyə bağlılığı ətrafında fırlanır. Belə islama məsx olunmuş, rəngini dəyişmiş, dönmüş islam deyirlər. Bu islam ancaq çörəyə və suya xidmət edir. Necə deyərlər, qarınotaran islam olur.

Mötəbər və məşhur islam mətnlərinin tədqiqi zühuru gözlənilən Mehdi haqqında etiqad və məlumatların İslam Peyğəmbərinin (s) təlimlərindən qaynaqlandığını ortaya qoyur. Mehdinin qiyamına aid rəvayətlər o həddədir ki, heç bir islam tədqiqatçısı məzhəbindən, əqidəsindən asılı olmayaraq onun “təvatür” həddini inkar edə bilməz.

İndiyə qədər bu barədə əhli-sünnə və şiə alimləri tərəfindən çoxlu kitablar yazılmış, onların hər biri dünyada sülhü bərqərar edəcək Mehdi ilə bağlı hədislərin doğruluğunu qəbul etmişlər. Bu sırada təkcə İbn Xəldun və Əhməd Əmin Misri kimi çox az bir şəxs bu hədislərin Peyğəmbərin (s) tərəfindən deyilməsinə tərəddüdlə yanaşmışlar. Onların tərəddüdlərinin səbəbi isə öz əsərlərindən çıxarılan nəticəyə görə düzgün hədisi düzgün olmayanından ayırmaqda və ya hədisin təfsirində çətinlik çəkmələrində olmuşdur. İbn Xəldun, Mehdinin zühuru ilə bağlı rəvayətlərə sadəliklə inanmağın mümkün olmadığını söyləyir və bu məsələ ətrafında hədislərin araşdırılmasını zəruri hesab edir.

Bununla belə Mehdi ilə bağıl əksər məsələlərdə bütün islam firqələrinin, məşhur alimlərin fikirləri yekdildir.

Maraq üçün biz burada mötəbər islami mərkəzlərdən birinə Mehdiyə etiqadla bağlı ünvanlanmış sualı və cavab məktubunu verməyi lazım bilirik.

Təqribən bir neçə il bundan qabaq Əbu Muhəmməd adlı bir nəfər Keniya vətəndaşı Mehdinin zühuru barədə bir sualla Hicaz və Məkkənin nüfuzlu dini mərkəzlərindən olan “Rabitə əl-aləmil-islami” adlı dini komitəsinə müraciət etmişdir. Dini komitənin sədri Məhəmməd Saleh Əl-Qəzzazın suala verdiyi cavabı Hicazın beş nəfər tanınmış alimi tərtib edərək hazırlamışlar. Məktubun qısa mətni belədir:

“... Yer üzündə fəsad, zülm çoxaldıqdan sonra Allah Təala onun (Mehdi) vasitəsilə dünyanı ədalətlə dolduracaqdır. O, “on iki raşidi xəlifələri”nin axırıncısıdır. Peyğəmbər onun barəsində xəbər vermişdir. Bu xəbərlər “sihah” kitablarında mövcuddur. Mehdi ilə bağlı hədisləri Peyğəmbərin (s) əksər səhabələri nəql etmişlər. O cümlədən: Osman bin Əffan, Əli bin Əbi Talib, Təlhə bin Ubeydullah, Əbdürrəhman bin Ovf, Abdullah bin Abbas, Əmmar bin Yasir, Abdullah bin Məsud, Əbu Səid Xidri, Subhan, Qərəh bin Əsas Məzəni, Abdullah bin Haris, Əbu Hüreyrə, Hazifə bin Yəman, Cabir bin Abdullah, Əbu Əmamə, Cabir bin Macid, Abdullah bin Ömər, Ənəs bin Malik, İmran bin Həsin, Ümmi Sələmə.

Adları qeyd olumuş şəxslər iyirmi nəfər olmaqla Mehdi barədə hədislər nəql etmişlər. Onlardan başqa, çoxlu şəxslər də hədis söyləmişlər. Səhabələrin öz dilindən Mehdi barədə deyilmiş sözləri də bu sıraya daxil etmək olar. Çünki, bu məsələ ictihadla cavabı veriləsi məsələlərdən deyil. Səhabələrin hamısı Mehdi barədə söylədiklərini Peyğəmbərdən eşitmişlər.

Mehdi barədə peyğəmbərin (s) dilindən deyilmiş hədislərin hamısı “sunən”, “muacəm” və “məsanid” kimi məşhur hədis kitablarının əksəriyyətində qeyd edilmişdir. O cümlədən: Sünəni Əbu Davud, Sünəni Tirmizi, İbn Macə, İbn Ömər Əl-Dani, Musnədi Əhməd, İbn Yəli, Bəzzaz, Səhihi Hakim, Muacəmi Təbərani, Əbu Nəimin Əxbarul-Mehdi və.s.

İslam alimlərindən bəziləri bu barədə kitab da yazmışlar. Onlardan bir neçəsi ilə sizi tanış edirik: Əbu Nəim, “Əxbarul-Mehdi” əsərini, İbn Həcər Hisəmi “Əl-qoulul-muxtəsər fi əlamatil-Məhdiyil-Muntəzər” əsərini, Şukani “Ət-tovzih fi təvatur ma caə fil-muntəzər və əd-Dəccal vəl-Məsih” əsərini, İdris İraqi Məğribi “Əl-Məhdi” əsərini, Əbu-Abbas bin Abdul-mumin əl-Məğribi “Əl-vəhmil-məknun fir-rədi əla İbn Xəldun” əsərini yazmışlar.

Bu barədə son geniş açıqlama ilə çıxış edən isə Mədinə İslam Universitetinin rektoru olmuşdur. Onun çıxışları universitet jurnalının bir-neçə sayında silsilə məqalələr şəklində çap edilmişdir.

İslamın böyük alimlərindən bəziləri – istər qədim, istər müasir olsun – öz yazılarında Mehdi ilə bağlı hədislərin təvatür həddinə çatdığını təsdiq etmişlər. Onlardan bir neçəsinin adını çəkirik: Əs-Səxavi “Fəthil-Məğis” kitabında, Məhəmməd bin Əhməd əc-Səfavini “Şərhil-Əqidə” kitabında, Əbul-Həsən əl-Əbri “Mənaqibiş-Şafei” kitabında, İbn Teymiyyə “Fətva” kitabında, Siyuti “əl-Havi” kitabında və.s.

Təkcə İbn Xəldun, Mehdi ilə bağlı hədislərə şübhə ilə yanaşmışdır. O, bu barədə “Mehdi həmin İsadır” deməklə məsələyə öz iradını bildirmişdir. Amma islamın böyükləri və alimləri onun fikirlərini rədd etmişlər. Xüsusilə də İbn Əbdul-momin, İbn Xəldununun sözlərinə etiraz olaraq xüsusi kitab yazmışdır.

Böyük hədis alimlərinin hamısı Mehdi ilə bağlı hədisləri “səhih” və “həsən” hədislər bilmiş, hədislərin məcmusunun mütavatir olduğunu qeyd etmişdirlər.

Buna əsasən də Mehdinin zühuruna etiqad vacibdir və əhli sünnət vəl-cəmaətin əqidəsinin tərkib hissəsindən sayılır. Nadan, xəbərsiz və ya bidətçilərdən başqa heç kim bu etiqadı inkar etmir”.

Yuxarıdakı cavabın məzmunu və dəlilləri o qədər aydındır ki, əlavə izahata ehtiyac qalmır.

Görəsən “Mehdi” əqidəsinin xaricdən idxal olunduğunu deyənlər nəyə əsaslanırlar? Onlar bu hədisləri görmüşlərmi?

Məhdəviyyət etiqadına etiraz edənlərin bir iradı da zühura olan inamın insanı xülyalara daldırması, mövcud vəziyətə biganə olub hər şəraitə təslim etdirilməsindən ibarətdir.

 

Hazırladı: Füzuli Şəfiyev,

ilahiyyatçı

 


conference-abu-talib
We are All Zakzaky