Əqidəvi Sual və Cavab

Ayətullahl-uzma Məkarim Şirazi intizarla bağlı şübhələrə cavab verir - I hissə

  • News Code : 343685
  • Source : Deyerler
Bilirik ki, “təkamülə olan eşq” insan vücudunda şölələnən əbədi bir məşəldir. İnsan daha çox bilmək istəyir, daha çox gözəlliklər görmək istəyir, daha çox yaxşılıqlar dadmaq istəyir...

Bu yazıda bizim məqsədimiz zühurun cəmiyyətdə doğurduğu təsir və əks-təsirləri araşdırmaq, “doğru müntəzir”ləri “yalançı müntəzir”lərdən ayırıb tanımaqdır: baxaq, görək, islami mənbələrdə böyük ibadətlərdən biri kimi yad edilən bu intizarın fəlsəfəsi nə ola bilər? Zühur anlayışı bəzi şərqşünasların dediyi kimi məğlubiyyət və nakamlıqdan doğan bir fikirdirmi? Bu düşüncə islami mühitə idxal olunmuş, xaricdən daxil olmuş bir fikirdir, yoxsa əksinə, bu fikrin kökləri insanın öz təbiətində yerləşir, təkamülə olan eşqdən qaynaqlanır?

    İnsanın qəlbində bir eşqin mövcudluğu xaricdə bir məşuqun varlığına dəlalət etmirmi?

    Bir sıra şərqşünaslar israrla bildirirlər ki, böyük bir islahatçının varlığına olan inam müsəlmanların tarixinin qaranlıq dövranlarına təsadüf edən xoşagəlməz hadisələrdən irəli gəlir.

    Qərbin düşüncə təsiri altında olan tədqiqatçıların tərzi-təfəkkürünə  görə müsəlmanların “Mehdi” adlı dünya xilaskarının varlığına olan etiqadlarının əsası yəhudi və məsihilərin inanclarından əxz olunmuşdur.

    Materialist düşüncəli sosioloqlar Mehdinin zühuru məsələsindən öz  əqidələrinin xeyrinə yararlanmağa səy edirlər və deyirlər ki, bu inancın əsasını iqtisadi maraqlar təşkil edir. Onların əqidəsinə görə “Mehdinin zühuru” düşüncəsi istismar məngənəsində əzilən kütləni əqidə narkomaniyası ilə uyuşdurmaqdan başqa bir şey deyil. Yəni, zülm altında əzilən, ağrı çəkən millətə təskinlik üçün hazırlanmış sakitləşdirici dərmandır.

    Bütün bu deyilənlərə rəğmən, diqqəti çəkən əsas məsələ belə bir zühura etiqadın bütün insanların vücudunda fitri kökə malik olmasıdır. Bu etiqad insan qəlbinin dərinliklərinə nüfuz etmişdir. Bütün mühüm islami qaynaqlarda bu məsələ ilə rastlaşmaq olar. Bəlkə də bu tədqiqatçıların məhdud mütaliələri, hər cür dini düşüncəyə maddi don geyindirib, olanları materialist baxımdan açıqlamaq istəyi belə fikirləri ortaya çıxarmışdır.

    Maraqlıdır ki, Marqli (David Samuel Margoliouth) kimi Qərb tədqiqatçıları  Mehdi haqqında islami qaynaqlarda göstərilən hədisləri inkar etməyə qalxaraq deyirlər: “Belə hədisləri hər necə təfsir etsələr, yenə də əlimizdə islam peyğəmbərinin islamın dirçəlişi, güclənməsi üçün bir Mehdinin zühurunu lazım və qaçılmaz hesab edən qənaətbəxş dəlili yoxdur. Amma biz bilirik ki, peyğəmbərin ölümündən sonra müsəlmanların arasında daxili müharibələrin başlaması, vahid bir nəslin arasında ixtilaf və çəkişmələrin baş verməsi “xilaskarın zühuru” fikrinin yəhudi və məsihilərdən iqtibas edilməsinə səbəb oldu. Hansı ki, yəhudilər və məsihilər də neçə yüz illərdir məsihin zühurunun intizarını çəkməkdədirlər”.

    Bilmirəm, Marqli bu barədə hansı islami qaynaqlara müraciət etmiş  və necə olmuşdur ki, onu qane edəcək təfsiri tapa bilməmişdir?!

    Halbuki, şiə və əhli-sünnənin mühüm mənbələrində Mehdinin zühuru ilə əlaqədar açıq-aşkar hədislər kifayət qədərdir və bu hədislər təvatur həddinə çatmışdır.

    Necə  olur ki, bütün islam alimləri və tədqiqatçıları - demək olar ki, istisnasız - bu hədislərin Həzrət Peyğəmbərin (s) dilindən nəql olunması barədə heç bir şübhəli məqama rast gəlməmiş, yalnız məsələnin cüzi tərəfləri barədə fərqli fikirlər səsləndirmişlər, amma təkcə Marqli qane ola bilməmişdir?! Bu bir sualdır ki, Marqlinin özü ona cavab verməlidir.

    Bu arada bəzi alimlər deyirlər ki, bizim ümumi intizar, zühurun işi və məqsədləri ilə işimiz yoxdur. Bizim işimiz intizar əqidəsinin cəmiyyətə hansı mənfi və müsbət təsiri göstərməsi, sonda nə ilə nəticələnməsinə diqqət yetirməkdir. Biz görürük ki, məhdəviyyət düşüncəsi insanları dərdə dözümlülüyə, qeyri-sabitliyə səbir etməyə çağırır, cəmiyyətin zülmünə biganə qalmasına, zalıma baş əyməsinə, məsuliyyətdən qaçmasına səbəb olur.

    Biz əsas bu intizarın zülm içində əzilən kütləni necə  şirin röyalara qərq etməsilə maraqlanırıq. İntizar əqidəsi xalqı ətrafında baş verən hadisələrə biganə yanaşmağa sövq edir, onları qəflət yuxusunda saxlayır. Sonda bu əqidə xalqı süstləşdirir və tənbəlliyə öyrəşdirir.

    Başqa ibarətlə desək, bu düşüncə fərdi baxımdan insanın mübarizə ruhunu sındıran, onu fəaliyyətdən saxlayan bir amil, ictimai baxımdan isə zülm əleyhinə baş qaldıran hər cür inqilab alovunu söndürəcək bir vasitədir. Bütün hallarda onun mənfi təsiri aşkardır.

    Tədqiq və təhlil:

     Amma bizim əqidəmizə görə kənardan baxmaqla tələsik hökm çıxarmaq istəməyən agah bir tədqiqatçı “intizarın məqsəd və nəticələri” ilə bağlı bütün məsələlərlə yaxından tanışlığı özünə borc bilərsə yuxarıda deyilən qeyri-dəqiq, tələsik verilmiş hökmlərlə heç vaxt razılaşa bilməz.

    İndi, icazə verin tərəfkeşlik etmədən intizarın məqsəd və doğurduğu nəticələri birəbir tədqiq edək: baxaq, görək bu əqidənin ortaya çıxmasının amili insanların uğradığı məğlubiyyətdir, yoxsa məsələnin kökündə fitri və rasional həqiqətlər dayanır? Bu inancın nəticəsi müsbətdir, yoxsa mənfi? Qurucudur, ya dağıdıcı?

    “Xilaskarın zühuru” düşüncəsinin toxumlarını fikirlərə səpən amilin məğlubiyyət və nakamlıq olduğunu deyənlərin əksinə olaraq bidiririk ki, bu mövzuya olan eşq insan vücudunun dərinliyindən su içir. Bu eşqin təzahürü hərdən atəşli, qığılcımlı olub özünü qabarıq şəkildə büruzə verir, hərdən də kiçik işartılarla gözə çarpır.

    Başqa ibarə ilə desək, insan bu məsələni iki yolla, - duyğu və əql yolu ilə qarşılamalı olur. Yəni bu zühurun sədasını iki dil - “fitrət” və “əql”in dili - ilə eşidir.

    Daha aydın ifadə ilə desək: Xilaskarın zühuruna inam insan ruhunun dörd boyutundan üçünün – “agahlığa olan eşq”, “gözəlliyə olan eşq”, “yaxşılığa olan eşq” – tərkib hissələridir. Yəni belə bir zühur olmadan bu eşqlər cavabsız qalmalıdır. Zühuru sıradan çıxarmaqla əslində bu eşqləri nakamlığa məhkum edirik.

     Ola bilsin bu deyilənlərin daha artıq izaha ehtiyacı olsun.

     Bilirik ki, “təkamülə olan eşq” insan vücudunda şölələnən  əbədi bir məşəldir. İnsan daha çox bilmək istəyir, daha çox gözəlliklər görmək istəyir, daha çox yaxşılıqlar dadmaq istəyir. Bir sözlə, insan onun inkişafına, üstünlüyünə səbəb olacaq hər bir şeyi istəyir. İnsanın bu istəklərini heç vaxt ictimai, psixoloji amillərlə bağlamaq olmaz. Əlbəttə, qeyd olunan amillərin insanın istəklərinə təsiri inkar edilmir. Amma onların vücudunun kökü insan psixologiyasının əsasını təşkil edən bir hissədir. Yəni dediyimiz hallar insan ruhunun əsasını təşkil edən yönlərdən biridir. Dediyimizə dəlil kimi bütün cəmiyyət və millətlərdə həmin hissin eyni qaydada təzahür etməsini misal göstərə bilərik.

    Xülasə, insanın təkamülə, bilməyə, gözəlliyə, yaxşılıq və  ədalətə olan istəyi köklü bir istəkdir. Bu istək insanın vücudunda əbədi yerləşdirilmiş bir toxumdur. Bu istəyin zirvə nöqtəsi dünya xilaskarının zühurunu gözləmək hissidir. İnsanın canında hərtərəfli bir təkamülə istək olduğu halda, belə intizarı çəkməyə bilərmi? Bəşəriyyətin təkamülü o olmadan necə gerçəkləşə bilər?

    Deməli, belə çıxır ki, həyatda məğlubiyyət acısı yaşamayan kəslər belə bir hissi yaşamamalıdırlar. Çünki bu, onların haqqıdır. Əgər intizar hissi zəif insanların, qorxu və şok keçirmiş insanların psixi narahatçılığından doğursa, onda gərək güclü insanlarda bu narahatçılıq olmasın.

    İnsan bədəninin hər bir üzvünün onun təkamülündə bir rolu olduğu kimi, insan ruhunun xüsusiyyətləri də eyni rolu ifadə edirlər. Məsələn, “təhlükəli amillərdən qorxmaq” hər bir normal insanda yaşanan hissdir. Bu hiss onun təhlükədən qorunmasına kömək edir. Sanki insan psixologiyasında qalxan rolunu ifa edir. Qorxu hissi insanı təhlükəyə qarşı hazır olmağa, tədbir görməyə çağırır. “Qəzəb” qüvvəsi insanın öz mənafeyini təhlükə zamanı qorumasına kömək edir. Bu onun müdafiə gücünü artırmasına, ehtiyat qüvvələri bir yerə cəmləməsinə xidmət edir.

    Sülhə,  ədalətə olan istək əslində böyük hədəfə  çatmaq üçün bir vasitədir. Sanki bu yolda insan vücudunun çarxlarını daim hərəkətdə saxlayan güclü bir mühərrikdir.

    Başqa bir tərəfdən, insan vücudunda olan hiss və mexanizmlərin varlıq aləminin ümumi harmoniyasından kənarda qalması mümkün deyil. Çünki bütün varlıq dünyası bir-birinə bağlanmış tam vahiddir. Bizim vücudumuz dünyadan kənar ola bilməz. Deməli çox aydın nəticə almaq olar ki, bizim vücudumuzda olan köklü eşq və istəklər bizim ayrılmaz hissəsi olduğumuz dünyamızda bir “məşuqun”, içərimizdəki istəyin qovuşacağı bir məqsədin olduğuna dəlalət edir. Içərimizdəki eşq bizi həmin məqsədə qovuşduran bir vasitədir. Məsələn susuzluq hissi xaricdə suyun mövcudluğuna dəlalət edir və bizi ona sövq etdirir. Bizim daxilimizdə baş qaldıran şəhvət hissi, cinsi oyanış müxalif bir cinsin xaricdə mövcudluğuna dəlalət edən bir faktdır. Əgər bizim vücudumuzda biliyə, gözəlliyə qarşı bir istək varsa, bu, xaricdə gözəllik və biliyin var olduğuna bir dəlildir.

     Buradan belə bir nəticəyə gəlmək olur ki, insanlar yer üzünü ədalət və sülhlə dolduracaq böyük xilaskarın intizarını çəkirlərsə, bu, bəşəriyyətin təkamül nöqtəsində belə bir zirvə nöqtəsinə yetişməyin mümkünlüyünü göstərir. Əgər belə olmasaydı, bizim vücudumuzda yaşanan bu sevginin, intizarın nə mənası olardı?

 

Hazırladı: Füzuli Şəfiyev,

Ilahiyyatçı

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky