$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Tarixə Qısa Bir Baxış

Mirzə Kuçək Xan və Talış Dağlarındakı “Cəngəlilər” hərakatı

  • News Code : 488823
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İranın o vaxtkı vəziyyətindən az-çox xəbərdar olan adamlar yaxşı bilirlər ki, beynəlmiləl müharibənin (birinci dünya müharibəsini nəzərdə tutur) axırlarında bir iddə (dəstə) Gilan meşələrində “İttihad İslam” (İslam Birliyi) adı altında üsyan edərək müttəfiq qoşunları ilə (Antanta) inadlı mübarizəyə girişib, hər qiymətə olursa olsun onların irəliləməsinin qarşısını almağa çalışırdılar

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- 1920-ci ilin aprelində bolşeviklər İranın şimalın, Azərbaycanı istila etdikdən sonra öz işğalçılıq meyillərini İran daxilində daha da reallaşdırmağa çalışdılar. Bu zaman İranın Gilan- Talış əyalətində İslam Hakimiyyətinin bərpası naminə Mirzə Kuçik xanın başçılığı altında belə adlanan “Cəngəlilər” (meşə adamları) hərəkatı gündən-günə vüsət götürüb genişlənməkdə idi. Bununla yanaşı Rusiyada, sonra isə ucqar bölgələrdə sovet rejiminin qələbəsi, V.İ.Lenin və digər sovet rəhbərlərinin Şərqin Müsəlman xalqlarına verdikləri şirin vədlər və zahirən azadlıq hərəkatlarından tərəfdarlıq etmələri şimali İranda Gilan- Talış əyalətində antirejim qüvvələri ruhlandırdı, hərəkatın miqyası durmadan genişləndi. Öncə dеmokrat, sonra sosialdеmokrat, daha sonra kommunistlik məsləkinə yönələn, həyat burulğanında vahid məslək seçmək qabiliyyəti olmayan Seyyid Cəfər Pişəvəri bu haqda yazırdı:

“İranın o vaxtkı vəziyyətindən az-çox xəbərdar olan adamlar yaxşı bilirlər ki, beynəlmiləl müharibənin (birinci dünya müharibəsini nəzərdə tutur) axırlarında bir iddə (dəstə) Gilan meşələrində “İttihad İslam” (İslam Birliyi) adı altında üsyan edərək müttəfiq qoşunları ilə (Antanta) inadlı mübarizəyə girişib, hər qiymətə olursa olsun onların irəliləməsinin qarşısını almağa çalışırdılar”.[1]

İranın şimal məntəqəsi Gilan, Talış və oradan da Azərbaycana doğru irəliləyən ingilis hərbi qüvvələrinin qarşısını kəsməkdə və onların irəliləyişinə mane olmaqda “Cəngəlilər”in köməkliyi danılmazdır. Mirzə Kuçik xanın başçılığı altında rejimdən və imperialist dövlətlərin müdaxiləsindən narazı qüvvələrin meşəyə toplanması və öz mübarizələrinə buradan başlaması I Dünya müharibəsinin ilk illərindən - 1915-ci ildən başlanmışdır. Hərəkata başçılıq edən Mirzə Kuçik xan Tehranda Din və İslam Elmləri üzrə Ali təhsil almış, gənc yaşlarında Səttarxan hərəkatında (Məşrutə) (1905-1911) iştirak etmişdir. Ömrünün sonunadək Dindar Müsəlman olmuş Mirzə Kuçik hələ Tehranda olarkən Həsənbəy Rövşəni tərəfindən yaradılmış “İslam Birliyi Təşkilatı”na üzv olur və sonra Rəştə gəlir, “Cəngəldə” (meşədə) öz həmfikirləri ilə birgə “İslam Birliyi Komtəsi”ni yaratmağa müvəffəq olur.

İslam Birliyi Komitəsinin Şüarları: Ölkə istiqlaliyyətinin qorunması; xaricilərin İrana müdaxiləsinə son qoyulması; [2] İslami qanunların hakim olmasından ibarət olmuşdur.

20-ci illərin əvvəllərində Gilandakı “Cəngəlilər”in hərəkatı xeyli genişlənir və qüvvətlənir. Həm də Ehsanulla xanın “Mücazat komitəsi” (“Cəzalandırma Komitəsi”) Tehranda bir neçə terror əməliyyatını uğursuz həyata keçirdiyi üçün qaçıb Rəştə gəlməsi, dövlət qoşunundan, polisdən, hətta Kazak dəstələrindən “Cəngəlilər”ə qoşulanlar hərəkatı xeyli qüvvətləndirir. Yaranmış fürsətdən istifadə edən “Cəngəllər” mübarizə mərkəzini Şəhərə - Rəştə köçürməyə müvəffəq olurlar. Əssalam, Talış, Xal-xal, Astara - yolları “Cəngəl” qüvvələrinin nəzarətinə keçir.

Hərəkatda irəliləyişin yarandığı bir vaxtda, 1920-ci ildə Mirzə Kuçik xan “Cəngəl” silahlıları arasında maarifləndirmə məqsədi ilə “Cəngəl” qəzetinin nəşrinə başlayır…

Hərəkatın irəliləməsi üçün yorulmadan aparılan təbliğatı və təşkilatı işləri “Cəngəl”çi qüvvələr arasında həmrəyliyin artması, həm də tarixi şəraitin verdiyi imkanla bağlı 1920-ci il iyunun 4-də Gilanda “Cəngəlilər” hərəkatı qalib gəldi. Rəştdə və onun ətrafinda ordu və kazak kazarmaları, dövlət təsisatları, polis, poçtteleqraf “Cəngəli” qüvvələrin əlinə keçdi. Gilan solçu qüvvələrin güclü təzyiqi altında və Rusiyadan gəlmiş komissarların istəyi ilə “Gilan Şura Sosialist Respublikası” elan edildi. “Gilan Muxtar Respublikası” adı əvəzinə, “Şura” və “Sosialist” sözlərinin respublikanın adına pərçim edilməsi çox ciddi taktiki və siyasi yanlışlıq idi. Ölkənin və şəraitin nəzərə alınmaması idi. Sovetlərdəki sosializmin açıq-aydın başqa Müsəlman bir ölkəyə ilk ixracı idi. Bu məsələ Mirzə Kuçik xanı, onunla həmfikirdə olanları çox narahat etsə də, Orconikidze kimi bolşevik emissarların, ona qoşulan Ehsanulla xanın və tünd gedən bəzi iranlı kommunistlərin təkidi və “solçu” əməllərinin nəticəsində mümkün olmuşdur.

Qələbəyə qovuşmuş, Gilanı və ətraf bölgələri ələ keçirmiş “Cəngəl” qüvvələri 1920-ci ilin iyun ayının 9-da Gilan Respublikasının ilk hökumətini təşkil etdilər.[3]

Gilan hökuməti:

Mirzə Kuçik xan - baş komissar və hərbi nazir;

Mir Cəfər Cavadzadə - Xarici İşlər naziri;

Mirzə Məhəmmədəli Pirbazari - maliyyə;

Mahmudağa - Məhkəmə;

Hacı Məhəmmədcəfər - Poçt və teleqraf;

Nəsrulla Fəttahi - maarif;

Mirzə Məhəmmədəli Xumami - ümumi işlər üzrə;

Mirzə Məhəmmədəli Fəxrai - Ticarət İşlər üzrə komissarlar təyin olunurlar.

Rza xanın hakimiyyətdə yerini möhkəmlətməsi, irticanın əl-qolunu açdı. Belə bir şəraitdə “Cəngəl” hərəkatının başlanğıcında özünü “Cəngəl” inqilabçılarına, “Ədalətçilərə” və sonra isə İran Kommunist partiyasına dost, arxa kimi göstərən sovet rejimi verdiyi vədlərə xilaf çıxdı. İran padşahlıq rejimi ilə sovetlər arasında 1921-ci ilin fevralında Moskvada “Dostluq və Qardaşlıq Haqda Müqavilə” imzalandı. Bu, sovetlərin İrandakı milli-azadlıq hərəkatına, onun rəhbərliyinə ilk və açıq xəyanəti idi. Bu xəyanət Gilanda başlanmış azadlıq hərəkatını məğlubiyyətə itələdi. Gilandakı xalq hərəkatına Sovet rəhbərliyinin etdiyi xəyanət göstərdi ki, onların daimi dostu yox, işğalçılığa xidmət edən Kommunistlik mənafei vardır. Bu mənafein həyata keçməsi yolunda “bütün dünya proletarları birləşin!” yalançı Şüarı onlara dünya hegemonluğu üçün lazım imiş. İrticanın əli ilə daxildə təxribat və xaricdən olan xəyanət, hərəkat rəhbərliyindəki çəkişmə və pozuculuğun artması 1919-1920-ci illərdə Gilandakı hərəkatı məğlubiyyətə uğratdı.

1921-ci ilin astanasında Gilandakı hərəkat yatırılmaq ərəfəsində Ehsanulla xan dəstəsinin Tehrana vaxtsız, məsləhətsiz və yersiz hücumu Tehran qoşunu tərəfindən darmadağın edildikdən sonra Ehsanulla xan sovetlərə qaçmaq məcburiyyətində qaldı. Mirzə Kuçik xanın meşədəki “iqamətinə” məşvərətə çağrılmış Heydər əmioğlunun yatdığı otaq gecə ikən müəmmalı şəkildə yandırıldı.

Öz dəstəsi ilə Talış dağlarına çəkilən Mirzə Kuçik xan sərt çovğun və Şaxtaya düşüb dondu. Onun donmuş cəsədindəki başı kəsib Rza xana töhfə aparan dönük və xəyanətkar Kürd Xalı Qurban əvəzində Rza xandan polkovnik rütbəsi almağa müvəffəq oldu.[4]

Mirzə Kuçək Xanın kəsilmiş başının görüntüsü

Hərəkat fəalları təqiblərə, həbs və edamlara məhkum oldular. Cəngəlilərdən tərəfdarlıq edən və onun təəssübünü saxlayanların əmlakı müsadirə edildi, özləri ağır cəzalara məruz qaldılar və s. Cəngəli hərəkatının ağır və uğursuz sonluğu sonrakı nəsillərə hər cəhətdən ibrət dərsi olmalıydı. Vahid hədəf uğrunda aparılan mübarizədə yersiz və əsassız ixtilaflar, yersiz çəkişmələr, ən başlıcası yadların felinə uyub, buyruq qulu olmaq mübarizə tariximizdə acı və faciəli sonluqla başa çatmışdı. Cəngəli hərəkatındakı qarmaqarışıq mövqelər, rəhbərlikdə vahid taktika və strategiya planının olmaması, yersiz çəkişmə və ixtilaflar hərəkata köməyə gəlmiş bir çox azadlıq mücahidini məyus etdi. Hərəkat fəallarını Gilanı tərk etmək zorunda qoydu. Rəşt və bütövlükdə Gilan əyaləti Rza xan qatillərinin və xəfiyyə qüvvələrinin nəzarəti altına keçdi. Çoxsaylı qətillər, terror, həbs və təqiblər azadlıq istəyən qüvvələri pərən-pərən saldı. İran Kommunist partiyası rəhbərliyinin bəzi yersiz, vaxtı çatmamış şüarları və “solçu” hərəkətlər “Cəngəli”lərin məğlubiyyətini sürətləndirmiş oldu. “Solçu”, kommunistlərin bolşevik çağırışları kültənin böyük hissəsini hərəkatdan uzaqlaşdırdı. Hərəkatı yatırmaqda irticanın əlinə tutarlı əsas verdi. Partiyanın daxilindəki ixtilaflar ölkənin istiqlaliyyətini yad əllərdən xilas emək istəyənləri narazı saldı. Onlar öz mübarizələrini başqa bölgələrdə davam etdirməli oldular.

 [1] -Mir Cəfər Pişavəri (Cəvadzadə Xalxali) seçilmiş əsərləri Azərbaycan ruznaməsinin nəşriyyəsi 1344 - مير جعفر پيشهوری )جوادزاده خلخالی .(سئچيلميش اثرلری" .آذربايجان "روزنامهسينين نشريه-

سی، ١٣۴۴ – جی ايل

 [2] Cəfər Muciri. Xorasan Əyanı və Muhəmməd Təqi Xan Pəsyani 1300 – 1921 - جعفر مجيری .خراسان عصيانی و محمدتقی خان پسيان) ١٩٢١

 [3] . - Muhəmməd Əli Gilək. Tarixe İnqelabe Cəngəl-  محمدعلی گيلک .تاريخ انقلاب جنگل .رشت

 [4] Şəhrivərin on ikisi 1324 -1235 - شهريورين اون ايکيسی

Diqqət: Materialdan istifadə etdikdə mənbəyə istinad lazımdır