Müsahibə

İlin hadisəsi – Mehriban Əliyevanın təyinatıdır'

Müxalifətçi, siyasi şərhçi və deputat da eyni fikirdədir.

İlin hadisəsi – Mehriban Əliyevanın təyinatıdır'

C.Həsənli də birinci vitse-prezidentin islahatçı obrazının yaradılmasına, bu il ərzində iki nazirin dəyişdirilməsi məsələsinə toxunaraq, indiki hakimiyyətdən islahat gözləməyi «boş xülya» adlandırır

«İlin ən yaddaqalan hadisəsi Birinci vitse-prezidentin təyinatıdır», – Milli Şuranın sədri Cəmil Həsənli başa çatmaqda olan 2017-ci ilin siyasi yekunlarından danışarkən belə deyir. Amma tək o yox, digər müxalifətçi, siyasi şərhçi və deputat da eyni fikirdədir.

«Faktın özü neqativdir. Fəaliyyətdə olan prezidentin öz həyat yoldaşını Birinci vitse-prezident təyin etməsi ölkənin aşağılanmasıdır, beynəlxalq aləmdə rüsvay edilməsidir, ölkənin lağ, ironiya mənbəyinə çevrilməsidir və bunu etmək olmazdı», – C.Həsənli belə söyləyir.

Müsavat Partiyası başqanı Arif Hacılı Mehriban Əliyevanın təyinatını ailə hakimiyyətinin möhkəmləndirilməsinin davamı sayır. Onun qənaətincə də, bu hadisə Azərbaycanın beynəlxalq imicinin daha da korlanmasına səbəb oldu.


«Məntiqi baxımdan yarımçıq qalıb»

Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini «ilin vacib hadisəsi» adlandıran «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyevsə bunu hansısa prosesin başlanğıcı kimi dəyərləndirsə də, onun hansı istiqamətdə davam edəcəyinin aydın olmadığını, məntiqi baxımdan yarımçıq qaldığını düşünür.

«Mehriban Əliyeva təyin ediləndə islahatlardan çox danışıldı. Amma o təyinatdan başqa nəsə görmədik. İki nazir dəyişdi. Bu da ciddi islahatdan danışmağa imkan vermir», – redaktor qeyd edir.

Ş.Hacıyev bu təyinatı, bəzi analitiklərin dediyi kimi, ikinci hakim ailənin – paşayevlərin möhkəmlənməsi, seçkilərə hazırlıq kimi də qiymətləndirmir. O, hakimiyyətdə yalnız bir komandanın olduğunu bildirir:

«Paşayevlər və ya naxçıvanlılar məsələsi şərti anlayışlardır. Mən buna yeni nəsillə köhnə nəslin qarşıdurması kimi baxardım. 10-20 ildir vəzifədə olanlarla nisbətən gənclər, xaricdə təhsil alan, 30-40 yaşlılar arasında rəqabət gedir. Təbii ki, cavanlar yaşlıları sıxışdırırlar».


«İstəyir «Harvard»ı, istəyir «Üsuli-Cədid»i bitirsin»

C.Həsənli də birinci vitse-prezidentin islahatçı obrazının yaradılmasına, bu il ərzində iki nazirin dəyişdirilməsi məsələsinə toxunaraq, indiki hakimiyyətdən islahat gözləməyi «boş xülya» adlandırır:

«Ölkəyə rəhbərlik edən prezidentin və Birinci vitse-prezidentin rəyi, təşəbbüsü iradəsi olmasa, o komandanın üzvləri istəyir Harvard Universitetini, istəyir də Üsuli-Cədid məktəblərini bitirsin, heç nə edə bilməz. Bu il Londondakı ofşor şirkətlər vasitəsilə böyük pulların oğurlandığı açıqlandı. Həmin komandanın Qərbdə təhsil almış, guya Qərb mədəniyyətini, biliklərini əxz etmiş üzvlərindən kim özündə cəsarət tapıb buna etiraz etdi? Bununla barışmadığını bildirib istefa verdi?.. Vaxtilə Əli Abbasov (keçmiş rabitə və yüksək texnologiyalar naziri – A.R) nazir təyin olunanda, islahatçı kadr kimi təqdim olunurdu. Nəticə nə oldu? Ayda 300-500 min manat paket maaş almaqla işini bitmiş saydı... Vəzifədə olan nazirlər də eyni rəzalət içindədir. Belə komandadan islahat gözləmək olmaz».

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi Elman Məmmədov isə, əksinə, M.Əliyevanın təyinatını düzgün addım sayır və hesab edir ki, onun son illər Heydər Əliyev Fondunun rəhbəri kimi gördüyü işlərə, siyasətdə, mədəniyyətdə atdığı addımlara baxaraq qiymət vermək lazımdır.


«2017-ci il - ənənəvi problemlərin həll edilmədiyi il»

O ki qaldı, 2017-ci ilin ümumi qiymətləndirilməsinə, Müsavat Partiyası başqanı A.Hacılının fikrincə, bu il, iqtidarın söylədiyi kimi, uğurlu olmayıb, səbəbini də «İl ərzində Azərbaycanın mühüm, qlobal problemlərindən heç biri həllini tapmadı» deyə izah edir.

«Qarabağ probleminin həllində irəliləyiş baş vermədi, demokratik islahatlar aparılmadı, ölkənin beynəlxalq imicinə daha ciddi zərbələr dəydi, ölkənin adı korrupsiya qalmaqalları ilə bağlı hallandırıldı. Bu baxımdan bu ili həm siyasi, həm də iqtisadi baxımdan «itirilmiş il» adlandırmaq olar. Azərbaycan hakimiyyəti, bir qayda olaraq, iqtisadi inkişafdan danışaraq xarici siyasətdə uğursuzluqlarını ört-basdır etməyə çalışır. Amma bu il Azərbaycan postsovet ölkələri arasında belə ən pis göstəricilərə malik oldu. İnflyasiyanın həcmi 13.4 faizdir, ÜDM nəinki artmadı, 1.3 faiz azaldı. Bu da ölkənin iqtisadi inkişafı haqda mifi dağıtdı», – Müsavat başqanı deyir.

Ş.Hacıyev başa çatmaqda olan ilin ənənəvi problemlərlə yadda qaldığını düşünür:

«Təəssüf ki, siyasətdə və ya cəmiyyətdə elə bir dönüş, hadisə baş vermədi ki, bundan sonra hansısa sahələrdə proseslərin gedəcəyinə, siyasətdə, iqtisadiyyatda, ideologiyada sağalmaya ümid etmək olsun. Ağır olan xəstənin vəziyyətində müsbət dəyişiklik müşahidə edilmir».


«Uğurlu ildir, vəssalam»

Ancaq hakimiyyət müxalifətin bu tənqidlərini rədd edir. Hakim partiyanın yaranmasının 25 illiyinə həsr olunan tədbirdə prezident İlham Əliyev deyib ki, ölkədə «demokratik cəmiyyət qurulur, bütün azadlıqlar təmin edilir», Azərbaycanda heç bir məhdudiyyət yoxdur:

«Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır».

Prezident müxalifət haqqında danışarkən, «xalq o ünsürlərə çoxdan yox deyib», «onların kitabı çoxdan bağlanıb», – söyləyib.

Hakim partiyanın üzvü, deputat E.Məmmədov da AzadlıqRadiosuna deyir ki, 2017-ci il həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımından uğurlu ildir, bir məqamı çıxmaq şərtilə. Deputat Azərbaycan üçün çox vacib olan, «bir nömrəli problem»in – Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş, torpaqların işğal altında qaldığını bildirir. Amma E.Məmmədov ümidini kəsmir, o hesab edir ki, növbəti il torpaqların geri alınması üçün inamlı olmaq lazımdır.

«Ancaq qalan istiqamətlərdə Azərbaycan uğurlu inkişaf edir, qarşıya qoyduğu məqsədlərə nail olur. Gənc dövlət olsa da, müstəqilliyinin yaşı bizdən çox olan bəzi dövlətlərdən üstün uğurlar qazanır», – deputat əlavə edir.


2018-ci ildən gözlənti nədir?

«Bu il baş verənlər gələn ildən yaxşı bir şey gözləməyə əsas vermir», – C.Həsənli bildirir. Ş.Hacıyev də bu fikrə qatılır. A.Hacılı isə gələn il keçiriləcək prezident seçkisinin cəmiyyətdə bəzi ümidlər yaratdığını düşünür. O, böhran yaşayan siyasi hakimiyyətin xalq arasında etimad limitinin tükəndiyini bildirir. Bu üzdən də hesab edir ki, 2018-ci ildə hər hansı qığılcım baş verərsə, əsaslı dəyişikliklər, böyük kütləvi hərəkatın başlanması ehtimalı yetərincə güclüdür.

Prezident İ.Əliyevsə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində deyib ki, iqtidar Azərbaycanın hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün əzmlə çalışır.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky