Peyğəmbər Əhli Beytinin (ə)Kim Olduğunu İsbatlayan Hadisə

Mübahilə gününü - (Mübahilə hadisəsi və günün əməlləri)

  • News Code : 854225
  • Source : Deyerler
Brief

Xristianlar əks təklif irəli sürərək, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaraq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış etməyi istədilər. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun (Həzrət İsa) barəsində səninlə mübahisə edən kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (Ali-İmran, 61).

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hicrətin 10-cu ili, Zilhiccə ayının 24-də məşhur Mübahilə hadisəsi baş vermişdir.

“Mübahilə”nin mənası - qarşı tərəfə nifrin, lənət deməkdir. Yəni, Qarşı tərəf dəlil, sübut qəbul etməkdən imtina etdikdə, yalan danışana İlahi lənətin nazil olması barədə birgə dua etmək mənası daşıyır. Ümumi halda, mübahilə ən son vasitə kimi tanınır.

Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Peyğəmbərimiz (s) öz missiyası barədə mesajları dünyanın hər yerinə göndərmişdir. Belə  dəvətlərdən biri də Nəcran məsihilərinə çatdırılmışdır. Yəmənlə sərhəddə yerləşən Nəcran məntəqəsinin əksəriyyəti məsihilərdən ibarət idi. Həzrət Rəsuli-Əkrəmin (s) dəvəti onlara çatdıqda, 14 nəfər nüfuzlu xristiandan ibarət heyətlə Peyğəmbərimizin (s) mübarək hüzuruna gəldilər.

Qeyd edək ki, öncə göndərilmiş təbliğatçılar Nəcran əhalisinin bir hissəsinin hidayət olunmasına səbəb olmuşdular. Xeyli sayda nəcranlı insan Peyğəmbərimizin (s) dəvətinə cavab verərək, İslama gəlmişdi. Lakin, keşişlər tərəfindən idarə edilən böyük bir qrup, bu dəvəti cavablandırmaqla bağlı tərəddüddə idi. Eyni zamanda, Həzrət Rəsulallah (s) barədə xristian dininə aid müqəddəs kitablarda məlumatların olması məsələsi də gündəmdə idi. Belə olan halda, nəcranlılar Peyğəmbəri-Əkrəmin (s) yanına böyük səlahiyyətlərə malik bir heyəti göndərib, məsələni yerində tədqiq etməyi qərarlaşdırdılar.

Mədinəyə gələn bu heyət, Peyğəmbərimizə  (s) İslam dininin mahiyyəti barədə suallar verməyə başlayırlar. Peyğəmbərimiz (s) xaçpərəst heyətinə, təkallahlığın mahiyyətinini çatdırmaqla bağlı öz mübarək missiyası başa salır. Bir çox dəlillərin gətirilməsinə baxmayaraq, keşişlər inadkarlıq edirlər. Bütün ömürləri boyu inandıqları mövzuları buraxaraq, İlahi təlimə iman gətirmək onlara çətin gəlirdi.

Nəcran məsihilərinin inadkarlığının səbəbi – onların  üzərinə bununla bağlı düşən vəzifələrdən irəli gəlirdi. Onlar vərdiş etdikləri baxışlardan imtina etməli və dünyagörüşləri ilə bağlı araşdırmalar, tədqiqatlar aparmalı idilər. Bundan əlavə, indiyədək olan vəziyyətlə bağlı öz camaatlarına aydın bir izahatlar verməli idilər.

Belə  olan şəraitdə Nəcran keşişləri zahirdə İslamı  qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, gerçəkdə iman gətirməyiblər. İslamı ürəklə qəbul etmək – müsəlman olmağın ümdə şərtidir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə).

Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər.

Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı  günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır.

Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək?

Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir.

Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar.

Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, - deyə buyurur.

Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə - nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə).

Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu.

Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də  baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, noların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər.

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) üzərinə örtür və buyurur: “Allahım! Hər bir peyğəmbərin əhli-beyti olmuşdur ki, xüsusi insanlar idilər. Allahım, bunlar da mənim Əhli-beytimdir (ə). Ona görə də onlardan şəkk və günahı aradan qaldır və onları pak et”. Cəbrayil (ə) nazil olur və onların pak olmasına aid ayə gətirir. Həzrət Peyğəmbər (s) bu dörd nəfəri əbasınn altından çıxardır və xristianlar onları görən zaman Həzrətin (s) haqq olduğunu qəbul edir, mübahilə etmirlər. Bu günü İmam Əli (ə) üzüyünü yoxsula namaz halında sədəqə verir. O Həzrətin (ə) şənində ayə nazil olur.

Bu gün şərəfli bir gündür və bir neçə əməli vardır:

1.   Qüsl almaq.

2.   Oruc tutmaq.

3.   Qədir-Xum bayramında qılınan iki rükətli namaz kimi namaz qılmaq. Eyni vaxtda və eyni keyfiyyətdədir. Zöhr namazına yarım saat qalmış iki rükətli namazı qılmaq ki, hər rükətində bir “Həmd”dən sonra 10 dəfə “İxlas”, 10 dəfə “Ayətül-kürsü”, 10 dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə istiğfar etmək.

4.   “Mübahilə” duasını oxumaq. Bu dua Ramazan ayının səhər duasına bənzəyir.

5.   İmam Əlini (ə) ziyarət etmək.

6.   “Cameə” ziyarətini oxumaq.

Mübahilə günündə habelə:

- gözəl və təmiz paltar geyinmək,

- xoş ətir vurmaq,

- İmam Əli (ə) davamçılarını sevindirmək,

- Əhli-beyt (ə) davamçılarının təqsirlərindən keçmək,

- Əhli-beyt (ə) davamçılarının hacətlərini yerinə yetirmək,

- sileyi-rəhm etmək,

- möminlərə iftar yeməyi vermək,

- onların ziyarətinə getmək,

- təbəssüm etmək,

- möminlərə hədiyyə göndərmək,

- çoxlu salavat göndərmək - müstəhəb əməllərdəndir.

 



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky