''Nardaran işi''

''Nardaran işi'': Bizə təcavüz ediblər

  • News Code : 817543
  • Source : meydan tv
Brief

“Döyülən, söyülən, terrorçu damğası vurulan da bizik”

“Səhərəcən işgəncə verdilər. Üzümün tüklərini yoldular. Dedilər “səndən silah çıxıb””, - Nardaran hadisələrindən sonra həbs edilən Gəncə sakini Cabir Əliyevin sözləridir.

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Əhlibeyt (ə) Xəbər Agentliyi abna

Özümü erməni əsirliyindəki kimi hiss edirdim

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər ifadə veriblər. Onlardan Mübariz İbrahimov deyib ki, 2015-ci il noyabrın 30-da Gəncədə “Şah Abbas” məscidində günorta namazını qılıb çıxdıqdan sonra onu kiminsə təqib etməsindən şübhələnib:

“Bundan əvvəl dövlət adamlarından biri mənə həbslərin başlandığını demişdi. Tanıdığım Ruzi İsmayılovu da tutmuşdular. Həmin adam mənə “çalış aradan çıxasan, sənin də adın qara siyahıdadır”, - dedi. Mənsə heç bir qanunu pozmadığımı söylədim”.

Mübariz İbrahimov həbs edildiyi gündən də danışıb. Deyir, həmin gün yanacaqdoldurma məntəqəsində növbədə dayanıbmış. Maşından çıxarıb, döyə-döyə qoluna qandal vurub Gəncə şəhər Baş Polis İdarəsinə aparıblar:

“Tutulandan sonra məni təhqir etdilər. Biri “boynuna al”, - deyirdi. Ancaq nəyi boynuma almalı olduğumu bilmirdim. Gəncə şəhər Polis idarəsinin rəisi Rasim Qurbanov “narkotik və qumbaradan birini seç”, - deyirdi. Elə bil bazardan kartof alırdım. Mən narkotik və qumbaranı birinci dəfə orada gördüm. Rasim Qurbanov məni döyüb, təhqir edib, üzümə tüpürürdü. Boynuma almayacağımı dedim. Dedilər “səni videoya çəkib, internetdə yayacağıq”. Özümü erməni əsirliyindəki kimi hiss edirdim. Bizə qarşı kinlərinin səbəbini bilmirəm. Mənim dostumun dayısı İlqar Balakişiyev orada rəis müavinidir. Guya gəlib mənə kömək etmək istəyirdi. Rəisdən “hansını qoyaq?”, - deyə soruşurdu. Sonra dedilər maşındakılar sənindir? Mən də dedim baxaq görək nə mənimdir. Orada dini kitab və mərsiyələr olan torbanın içərisinə baxdılar. Guya Taleh Bağırzadənin iki kitabçasını çıxardılar. Birinci dəfədir o kitabçaları görürdüm. Sonra maşının yük yerinə baxdılar. Orada balaca kapron qab var. Onunla maşını yuyurdum. Guya onun içərisindən qumbara çıxdı. Hamısını düzüb qoşdular”.

Dedilər “hörmət edib narkotiki götürürük, silahları boynuna al”

Mübariz İbrahimov deyir ki, özləri qoyub, özləri götürdülər. Dedilər “boynuna almasan başqa şeylər də olacaq”.
“Telefonumda Hacı Şahinin, Heydər Əliyevin İmam Hüseynlə bağlı çıxışları var idi. Onları götürdülər. Sonra Rasim Qurbanovun yanına apardılar. Orada yenə söyüb döydülər. Dedilər “hörmət edib narkotiki götürürük, silahları boynuna al, yaxşı olacaq”. Dedilər “qardaşın, qaynın var. Elə eləmə onları da buraya gətirək. Bu dövlət tədbiridir belə olmalıdır”. Qardaşlarım da kasıb adamlardır. Mən onların da əziyyət çəkmələrini istəmədim. Rasim Qurbanov “beş–altı ay yatıb çıxacaqsan”, - dedi. Mənə təzyiq olduğundan imzalamağa məcbur oldum. Heç bir ifadəmi təsdiq etmirəm. Allahdan həmin şəxslərə hidayət istəyirəm. Bizi hər il Aşuraqabağı çağırıb təhqir edirdilər, vururdular. O vaxtkı polis rəisi Rasim Musayev çağırıb “Aşura məclislərinə getməyin”, - deyirdilər. Biz də getdiyimizə görə qara siyahıya salınmışdıq. Rəis “gətirib 10 min manat versin, işimiz olmasın”, - deyirdi. Mən də aparıb beş yüz manat verdim ki, əl çəksinlər”.

4 nəfər və 4 qumbara ilə dövlətə qarşı çıxmaq olar?

Mübariz İbrahimov Taleh Bağırzadəni tanımadığını, Nardaranda heç vaxt olmadığını söyləyib:

“Yazıblar ki, mən “Müsəlman Birliyi”nin Gəncədəki nümayəndəsiyəm. Heç o birlik haqqında eşitməmişəm. Biz heç vaxt dövlətə qarşı çıxmamışıq. 4 nəfər və 4 qumbara ilə dövlətə qarşı çıxmaq olar? Dedilər “üç ilə qədər həbs veriləcək”. Mən də fikirləşdim ki, yatıb çıxaram. Sonradan vəkil dedi ki, sənə 10 maddə ilə ağır ittiham verilib. Mən tutulanda Gəncə həbsxanasında bir erməni var idi. Ona elə yaxşı baxırdılar. Biz həmişə başqalarına yaxşı olmuşuq, özümüzə pis. Birdən-birə terrorist olduq? Hamısı şər-böhtandır. Terrorçuluğun nə olduğunu onlar yaxşı bilər. Deyirlər “qumbaranı zibillikdən tapdığını de”. Zibillikdə nə qədər qumbara olar? Həbsdən sonra ailəmlə əlaqə yaratmağa imkan vermədilər. Özümü Bin Laden kimi təsəvvür edirdim”.

İşgəncə və təzyiq altında ifadə vermişəm

Daha sonra təqsirləndirilən şəxslərdən Cabir Əliyev ifadə verib. Gəncə sakini olan C. Əliyev bərbər işlədiyini deyib:

“İş yerimə gəldilər. Məni həbs edib Gəncə Polis İdarəsinə apardılar. Rəşid Piriyevin otağında mənə təzyiqlər başladı. Otaqda 8-9 nəfər var idi. Dedilər “cibində nə var onları çıxart”. Mən də 800 manat pul, təsbeh, İran pulu çıxarıb qoydum stolun üstünə. Başladılar, döyüb, təhqir etməyə. Səhərəcən işgəncə verdilər. O işgəncələr barədə danışmaq istəmirəm. Üzümün tüklərini yoldular. Dedilər “səndən silah çıxıb”. Vəkili ancaq sanksiya zamanı məhkəmədə gördüm. Mənə narkotik ittihamı da veriblər. Taleh Bağırzadəni internetdən tanımışam. İşgəncə və təzyiq altında ifadə vermişəm. Dedilər “ya üzərindən, ya evdən çıxmasını yazacağıq. Əgər evdən çıxarılıb yazsaq, ailən də bura gətiriləcək”. Mən də ona görə üzərimdən çıxarılıb yazmağa razı oldum. Rəşid Piriyev mənə çox işgəncə verib. Özümü heç bir maddə üzrə təqsirli bilmirəm”.


Xalqla dövlət arasında narazılıq yaratmaq istəyirlər

İclasda təqsirləndirilən şəxslərdən Ruzi İsmayılov da ifadə verib. O, ittihamların yalan olduğunu bildirib: “Siz özünüz də bilirsiniz ki, biz haqsız yerə həbs olunmuşuq. Biz burada tutulan Hacı Əlini maşına güclə mindiririk. Belə adamın terrorla nə əlaqəsi ola bilər? Bizə zülm edilib. Ağır ittihamların verilməsi bizə və dinimizə edilən zülmdür. Bəzi insanlar xalqla dövlət arasında narazılıq yaratmaq istəyirlər. Onlar bu gün ittiham olunmalıdırlar. Döyülən, söyülən də, terrorçu damğası vurulan da bizik. Bizə İŞİD-çi deyirlər. İŞİD-lə şiəliyin fərqin bilmirlər, ancaq yuxarı başda oturublar. 3-4 il əvvəl Gəncədə Aşura bazar gününə düşmüşdü. Həmin gün məktəblərdə dərs keçirildi ki, adamlar məscidə getməsinlər. Bunlar dinlə düşmənçilik edirlər. Biz indiyə kimi buna susmuşuq. Məgər bütün dinlərə münasibət eyni olmalı deyil? Prezident deyir hicaba qadağa yoxdur. Ancaq uşaqları hicabla məktəbə qoymurlar. Biz nə edək? Köçək gedək bu ölkədən? Sonra da adımızı radikal qoyurlar”.

Bizim namusumuza təcavüz olunub

Ruzi İsmayılov əlavə edib ki, Gəncənin keçmiş polis rəisi Rasim Musayev dindarları yığıb “sizin cibinizdən narkotik çıxardaram”, - deyirdi:

“Sonra həmin Rasim Musayev öldü. Dindar qardaşlardan biri bu təqiblərə dözməyib ölkəni tərk etdi. Yeni icra başçısı Elmar Vəliyev gələndən sonra Gəncə mühasirəyə alınıb. Bizim namusumuza təcavüz olunub. Gec-tez haqq yerini tapacaq. Biz azadıq, elə bilməsinlər zindandayıq. Şükürlər olsun ki, xalq bizi terrorçu kimi tanımadı. Allah bizi bura atanları cəzalandıracaq. 2015-ci ildə noyabrın 26-da evdən çıxıb məscidə getdim. Həmin vaxt məni həbs etdilər. Məni döyə-döyə polis idarəsinə apardılar. Orada döyüb “yazılan izahatlara qol çəkməlisən”, - dedilər. Guya məndən silah tapılıb. Məni ailəmlə hədələdilər. Şalvarımı çıxarıb nalayiq hərəkət edəcəkləri ilə hədələdilər. Guya silahı mən tualetdən tapmışam. Bütün ittihamlar yalandır. İstintaq təcridxanasında rəis “əgər işgəncə haqqında kiməsə desən, maddələr ağırlaşdırılacaq”, - dedi. Mən ona inandım”.

Bizim dövlət çevrilişi haqqında çıxışımız, fikrimiz olmayıb

Ruzi İsmayılov Taleh Bağırzadəni Qumda təhsil alanda gördüyünü deyib. İfadələri təzyiq altında verdiyini, İranda təhsil alandan bəri MTN-nin nəzarətində olduğunu söyləyib:

“Həmişə çağırıb sorğu-sual ediblər. Tutulandan əvvəl rəis müavini bizi yığıb “Aşurada evdə olun”, - dedi. Biz də elə etdik. Heç yerə getmədik. Bizim dövlət çevrilişi haqqında çıxışımız, fikrimiz olmayıb. MTN əməkdaşları bizimlə həmişə söhbət edəndə “afərin sizə - dindar sizin kimi olar. İndi nə oldu, terrorçu olduq?”.

Ruzi İsmayılov çıxışında hədisələrdən sitat gətirib, peyğəmbərin və onun övladlarının adını çəkəndə zalda əyləşənlər salavat deyiblər.

Hakim Zeynal Ağayev bu zaman 5 dəqiqəlik fasilə elan edib və iclası izləyən şəxslərin zalı tərk etmələri barədə göstəriş verib.

Fasilədən sonra hakim R. İsmayılova irad bildirib. O, hər kəsin məhkəmə zalında qaydalara əməl etməsinin vacibliyini vurğulayıb. Daha sonra hakim növbəti iclasın martın 27-də keçiriləcəyini bildirib və təqsirləndirilən şəxsləri Novruz bayramı münasibəti ilə təbrik edib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Taleh Bağırzadə məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı işgəncə və təzyiqə məruz qaldıqlarını deyirlər.


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky