Şəban Ayının 5-i İmam Səccadın (ə) Milad Bayramıdır

Mövludun mübarək, ey Əli ibn Hüseyn (əleyhimə səlam)!

Mövludun mübarək, ey Əli ibn Hüseyn (əleyhimə səlam)!

Tarixçilərin yazdığına görə, İmam Səccadın (ə) anası – Sasanilərin axırıncı padşahı üçüncü Yezdəgirdin qızı Şəhribanu olmuşdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Həzrət Əli ibn Hüseyn (ə) 38-ci hicri ilinin Şəban ayının 5-də Mədinədə dünyaya gəlmişdir. 95-ci Hicri ilinin məhərrəm ayının 25-də şəhid edilmişdir. Müqəddəs qəbri Bəqi qəbiristanlığındadır.

İmam Əlinin (ə) evində yeni nəvəsi olan İmam Səccad (ə) dünyaya gəldi. Bu ağır siyasi zamanda İmam Əli (ə) Cəməldə, Siffeyndə və Nəhrivanda ağır döyüşlər aparırdı. Körpənin atası olan İmam Hüseyn (ə) isə İmam Əlinin (ə) ordusuna başçılıq edirdi.

Tarixçilərin yazdığına görə, İmam Səccadın (ə) anası – Sasanilərin axırıncı padşahı üçüncü Yezdəgirdin qızı Şəhribanu olmuşdur. O zaman ki, İran padşahı və ailəsi müsəlmanlar tərəfindən əsir götürülür, İmam Əli (ə) onların müdafiəsinə qalxır və Peyğəmbərdən (s) belə bir hədis nəql edir ki, buyurur: “Əzizlərim, zillətə düşən qövmləri əziz tutun”.

İmam Əli (ə) əmr verir ki, əsirləri buraxsınlar və nəcib ailələr onların qızları ilə evlənsinlər. İmam Əli (ə) padşahın qızlarından birini İmam Həsənə (ə) və birini də İmam Hüseynə (ə) nikahlayır.

Xanım Şəhribanu 33-cü hicri ilində Şəban ayının 5-də ilk övladını dünyaya gətirir, ancaq doğum zamanı vəfat edir. Ona görə də körpənin böyüməsi üçün dayələr tutulur. İmam Səccad (ə) da o dayələrin ətəyində böyüyür. Ona görə də hamı elə bilir ki, bu dayələrdən biri onun əsil anasıdır.

Əmirəl-möminin (ə) şəhid olandan sonar İmam Səccad (ə) bütün ailəsi ilə Kufədən Mədinəyə köçür. İmam Səccad (ə) atası İmam Hüseyn (ə) tərəfindən tərbiyə almış və İlahi dinə yiyələnmişdir.

İmam Zeynul-abidinin (ə) əxlaqi və elmi hələ kiçik yaşlarından ətrafında olanların diqqətini cəlb etmişdi. O, böyüyən zaman da heç bir zaman birbaşa təbliğat aparmazdı. Başqa İmamlar (ə) kimi öz məkarim əxlaqı ilə insanları hidayət edərdi.

Cabir ibni Abdullah İmam Səccad (ə) haqqında deyirdi: “Peyğəmbər (s) övladları arasında Əli ibni Hüseyn (ə) kimisini görməmişəm”.

İmamın (ə) bütün həyatı mübarizədə keçmişdir. Gözünü açan gündən babası İmam Əlini (ə) Cəməl döyüşünə qərq olan halda görmüşdü. Cavanlıq dövründə həyatının ən ağır hadisəsi olan Kərbəla hadisəsi ilə rastlaşmış və dözülməz acılar və qəmlərlə üzləşmişdir. Atasını, qardaşlarını, yaxınlarını gözünün önündə itirmiş və əsirlik kimi bir imtahanla qarşılaşmışdır. Ancaq İmam (ə) bu imtahanların heç birində məğlib olmamışdır. Əksinə, onların hamısından başıuca və alnıaçıq çıxaraq ardıcılları üçün örnək olmuşdur.

İmam (ə) hər fürsətdə insanları Əməvilərə qarşı ayıldırdı. İmam (ə) nəzarət altında olduğu üçün risalətini dua vasitəsilə öz davamçılarına çatdırırdı.

Dualarını topladığı “Səhifeyi-Səccadiyə” kitabı “Ali-Muhəmmədin (ə) Zəburu” adı ilə məşhur olmuşdur. Belə ki, Qurani Kərimdən və “Nəhcul-bəlağə”dən sonra ən əzəmətli və ən dəyərli kitab hesab olunur.

İbni Şəhri Aşub yazır: “Zahidlik və moizə mövzusunda çox az kitab tapmaq olar ki, orada İmam Səccadın (ə) sözləri bəyan olunmasın”.

İmam (ə) da ataları kimi Mədinənin bir çox yoxsul ailəsinə gizli şəkildə yardım edirdi. Mədinənin yüz ailəsi İmamın (ə) sayəsində aclıqdan əziyyət çəkmirdi, ancaq onlara kimin yardım etdiyini bilmirdilər. İmam Səccad (ə) vəfat edəndən sonra başa düşdülər ki, bu İmam Səccad (ə) imiş. İmam (ə) buyurardı: “Gizli sədəqə Allahın qəzəb atəşini yatızdırar”.

İmamın ibadət və səcdə əhli olması hamıya məlumdur. Məhz buna görə İmama (ə) “Səccad” ləqəbini vermişdilər. İmam (ə) Kərbəla hadisəsindən sonra heç bir zaman gülmədi, şənlənmədi. Nə zaman su görsə idi, ağlayardı. Bu ağır hadisənin qəmi heç bir zaman nəcib qəlbindən çıxmadı. O, hər fürsətdə insanlara bu hadisəni yada salmağa çalışır və Əməvi zülmünü ifşa edirdi.

Salam olsun sənə, ey İmam Səccad (əleyhi səlam)!

Salam olsun sənə, ey Zeynəbin (əleyhimə səlam) əziz tutduğu İmam!

Salam olsun sənə, ey Hüseynin (əleyhi səlam) intiqamını alanların yavəri!

Mövludun mübarək, ey Əli ibn Hüseyn (əleyhimə səlam)!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky