Məşhurlar

Bu adamı üzdən yalnız SSRİ-nin ali rəhbərliyi tanıyıb

Bu adamı üzdən yalnız SSRİ-nin ali rəhbərliyi tanıyıb

Əslən Talış Bölgəsinin Boladı kəndindən olan general-leytinant Kərim Kərimovun fəaliyyəti Amerika kosmik agentliyinin diqqətindən yayınmayıb və MKİ onunla əlaqəyə uğursuz cəhdlər edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 56 il əvvəl, 12 aprel 1961-ci ildə sovet təyyarəçisi Yuri Alekseyeviç Qaqarin "Vostok-1" kosmik gəmisində, Orta Asiyanın Baykonur kosmodromundan kosmosa uçub. Və sonradan beynəlxalq ictimaiyyət məşhur tarixi — Kosmonavtika gününü qeyd edir.

Dünyada insanın açıq kosmosa ilk uçuşu 108 dəqiqə çəkib. Qaqarin Yer kürəsi ətrafında dövr edib və Saratov vilayətində yerə enib. Bununla da tarixə ilk kosmonavt kimi düşüb. Bu münasibətlə ona SSRİ-də ən yüksək rütbə olan Sovet İttifaqı Qəhrəmanı adı verilib. 12 aprel isə bu hadisədən 1 il sonra, 1962-ci ildə Kosmonavtika Günü kimi rəsmi status alıb. Altı ildən sonra isə bu gün Beynəlxalq Kosmonavtika günü statusunu qazanıb.

Qaqarinin uçuşu daha sonra Titovun, Nikolayevin, Popoviçin, Tereşkovanın və bizim planetin digər sakinlərinin kosmosa yolunu aydınlaşdırıb. Kosmosa əsas diqqəti sovet hökuməti ayırıb. Kosmonavtlar SSRİ rəhbərliyinin qayğısı ilə əhatələniblər. Adamlar olub ki, onlar kosmosun sirrinin açılmasında insanlıq qarşısında çox böyük xidmətlər göstəriblər, amma onların sifətini kosmik proqramların sirlərinin sərt şəkildə qorunması səbəbindən heç kim görməyib. Onlardan biri, böyük alim, baş layihəçi Sergey Korolyov idi. Uzun müddət heç kəsin tanımadığı belə adamlardan biri də bizim həmyerlimiz olub.

Əslən Talış Bölgəsinin Boladı kəndindən olan general-leytinant Kərim Kərimovun adı əsrin dörddə biri qədər dövrdə ailəsindən başqa heç kəsə məlum olmayıb. Onu üzdən ancaq SSRİ-nin ali rəhbərliyi tanıyıb. Bu adamın fəaliyyətləri Amerikanın NASA agentliyinin nəzərindən yayınmayıb və MKİ onunla əlaqə qurmaq üçün uğursuz cəhdlər edib.

General Kərim Kərimov əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının atalarından, qurucularından biri idi. 1966-cı ildən 1991-ci ilə qədər general özü şəxsən kosmosa ekipajın göndərilməsinə razılıq verib və Yerə qayıtdıqdan sonra onların raportlarını şəxsən qəbul edib.

Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci ildə Bakının Pirşaği qəsəbəsində ziyalı ailəsində anadan olub. Atası Abbas-Əli Kərimov mühəndis olub. General Kərim Kərimov əslən Lənkəranın Boladi kəndindəndir. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu alıb. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdı. Artıq bu dövrdə İkinci Dünya Müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişdilər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna qəbul olunmuşdu.

Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmış, "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdı. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfi saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı.

Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdı. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdi. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdi. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdu.

1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdı. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdı. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi.

Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdı. Kərim Kərimovun iştirakı ilə yerin ilk süni peyki Zemli SP —1 buraxılmışdı. "Zenit" raket-kosmik kompleksinin tətbiqinə görə o, Lenin mükafatına layiq görülmüşdü. İlk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni — Lenin ordeni ilə təltif edilmişdi.

1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdu. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdu. O, bu məsul vəzifədə 25 il çalışmışdı (1991). Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi.

1967-ci ilin oktyabrında orbitə ilk dəfə iki pilotsuz kosmik aparatın ("Kosmos-186" və "Kosmos-188") göndərilməsi nəticəsində Kərimov general-leytenant rütbəsi alıb. 1974-cü ildə Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılıb. 1975-ci ildə "Soyuz-Apollon" gəmisində sovet-Amerika birgə uçuşunun hazırlanmasına rəhbərlik edib.

O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdı.

1991-ci ildə 74 yaşında istefaya çıxan Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdu. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunub.

Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdı. O, həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi. General-leytenant Kərim Kərimov 29 mart 2003-cü ildə 86 yaşında Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdu.

O, kosmonavtlar arasında dərin hörmət qazanıb və kosmosun öyrənilməsinə böyük töhfələr verdiyinə görə bu gün də ehtiramla yad edilir. Uzun və mənalı ömrünü kosmosa həsr edən bu şəxsin intellektinin məhsulları planetlərarası əhəmiyyət daşıyır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky