Ötən İlin Unudulmaz Hadisələri

2017-ci ildə baş verən mühüm hadisələr: Şiə ruhaniləri daxil olmaqla 579 İl 3 ay müddətli Azadlıqdan məhrum edillənlər

M. Əliyevanın vitse-prezidentliyi, "Azərbaycan camaşırxanası" və...

2017-ci ildə baş verən mühüm hadisələr: Şiə ruhaniləri daxil olmaqla 579 İl 3 ay müddətli Azadlıqdan məhrum edillənlər

İlin maraqla izlənən hadisələrindən biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının məhkəməsi oldu.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi:


Ər arvadını 1-ci vitse-prezident etdi

İlin ən önəmli hadisəsi İlham Əliyevin həyat yoldaşının birinci vitse-prezident təyin edilməsi oldu. Belə ki, prezident İlham Əliyev xanımını bu posta bu ilin fevralında təyin etdi.

Mehriban Əliyevanın bu posta yolunu 2016-cı ilin sonlarında keçirilən Konstitusiayaya dəyişikliklər açmışdı. Başda Şiə Ruhaniləri olmaqla ölkə müxalifəti tənqid etsə də, referendum keçirildi və vitse-prezidentlik institutu yaradıldı.

"...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır", - bu sözləri İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanı yeni postunda təqdim edərkən demişdi.

53 yaşlı, 4 nəvəsi olan Mehriban Əliyeva birinci vitse-prezident postunda hələ ki, öz komandasını formalaşdırır. Onun artıq 2 müavini, 4 köməkçisi və bir aparat rəhbəri var. Aparatdakı digər işçilərin sayı barədə məlumat yoxdur.

Cəmiyyətdə Mehriban Əliyevanın özünə yaratdığı komandayla gələn ilki prezident seçkilərinə gedəcəyi ilə bağlı söz-söhbət dolaşsa da, hələ ki, hakim partiya bunu ya təkzib, ya təsdiq edən rəsmi açıqlama verməyib.

Əliyevanın komandası ilə bağlı ictimaiyyətdə yayılan əsas epitetlər onların "korrupsiyaya bulaşmamış", "rüşvət almamış", "yüksək təhsilli" və "gənc kadr" olmasıdır.

Vitse-prezidentlik institutuna gəlincə, prezident digər vitse-prezidentləri hələlik təyin etməyib.


"Azərbaycan Camaşırxanası və Avropa Mifi"

Söhbət "Azərbaycan Camaşırxanası" ("Azerbaijani Laundromat") adlı araşdırmadan gedir.

Gizli fond ilə bağlı araşdırma Avropa qəzetləri konsorsiumu tərəfindən aparılmış və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilmişdi. "Azerbaijani Laundromat" 2012 və 2014-cü illər arasında fəaliyyəti göstərib, OCCRP yazıb.

Tədqiqatda iddia edilib ki, Azərbaycanın hakim elitası bu dövrdə 2.8 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə edib. Pulu əldə edənlər arasında Azərbaycan hökumətinə qarşı rəğbət nümayiş etdirən avropalı siyasətçilərin də olduğu göstərilirdi.

OCCRP-nın məlumatına görə, Azərbaycanın hakim elitası pulun mənbəyini gizlətmək üçün sahibləri bilinməyən "shell" və ya qabıq şirkətlərdən istifadə edərək məbləği ötürüb. Pulun böyük hissəsi, avropalı siyasətçilər, lobbiçilər, jurnalistlər və biznesmenlərə ödənib.

Fondun fəaliyyətdə olduğu iddia edilən dövrdə, Azərbaycan sistematik korrupsiya, seçki saxtakarlığı, müxalif siyasətçilər, insan haqları fəalları və jurnalistləri həbs etməkdə təqsirləndirilib.

Ancaq Azərbaycan höküməti bu araşdırma ilə əlaqəli iddiaları rədd edib.

Prezident Adminstrasiyası verdiyi bəyanatda deyib ki, "nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır".


Azərbaycan-Avropa Şurası: Gərginləşən münasibətlər

"Azərbaycan Camaşırxanası" ortaya çıxandan sonra onsuz da tez-tez insan haqları və demokratik prinsiplərin pozulması tənqidləri ilə, o cümlədən, avropalı siyasətçiləri ələ almaq itithamları ilə üzləşən Azərbaycanın Avropa Şurası ilə münasibətləri kəskinləşdi.

Azərbaycan bu qurumun 16 illik üzvlüyü tarixində ilk dəfə AŞPA-dan çıxma təhlükəsi qarşısında qaldı. Düzdür, bu "qaynar ocağa yağı", həm də REAL hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilməməsi tökdü, ancaq korrupsiya ittihamları Avropa Şurasını daha ciddi davranmağa məcbur etdi. Qurum iddiaları araşdırmaq üçün müstəqil xarici istintaq qurumu yaratdı.

Qurumun monitorinq komitəsinin hazırladığı "İnsan hüquqları barədə nə etməli?" adlı hesabata belə bir bənd əlavə edildi: "Azərbaycanın Avropa Şurasının əsas qurumlarının dürüstlüyünə rüşvət və korrupsiya vasitəsilə sistematik şəkildə ziyan vurmasına dair iddialara artıq göz yummaq mümkün deyil".

AŞ-ın Baş katibi Thorbjorn Jagland Azərbaycana qarşı "misli görünməmiş hüquqi addımın" atılmasına çağırış etdi. Təhlilçilər bu çağırışı "üzvlükdən çıxarma" və ya "səsvermə hüququnun məhdudlaşdırılması" kimi izah etdilər.

Azərbaycan hakimiyyəti isə korrupsuya ittihamlarını rədd edir, insan haqlarının pozulması tənqidlərini qərəzli sayıb.

Hətta Azərbaycanın Avropa Şurasından çıxarılacağı halda "dünyanın dağılmayacağını, problem də olmayacağını" bəyan etdi.

Bu il "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində keçirilən sammitə qatılan Azərbaycan, Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etsə də, gələn ili Avropa Şurası ilə gərgin münasibətlər və üzvlükdən xaric olma təhlükəsi ilə qarşılayır.


Şiə Ruhaniləri Daxil Olmaqla 579 İl 3 Ay Müddətli Azadlıqdan Məhrum Edildi

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilirdi.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilmişdir.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılmışdır və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.


Nardaran “işi” 1-də 18 günahsız Şiəyə ümumilikdə 261 il iş kəsildi

2017-ci ilin Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun qondarma cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.  

Mətbuatda yayılan məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.


Nardaran “işi” 3-də 12 günahsız Şiəyə ümumilikdə 160 il 9 ay iş kəsildi

2017-ci ilin Dekabrın 6-da isə Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan daha 12 nəfərin məhkəməsi başa çatdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Z.Mikayılov 17 il, E.Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər hökmə «Biz zülm etmərik, zülmə boyun əymərik!» şüarı ilə reaksiya verdi…


Nardaran “işi” 2-də 12 günahsız Şiəyə ümumilikdə 154 il 6 ay iş kəsildi

2017-ci ilin Dekabrın 28-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə “Nardaran işi 2” üzrə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər Elçin Qasımov 15 il, Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 3 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Namaz Məhbusuna 3 İl Oxundu

2017-ci ilin İyul ayının 3-də Masallı rayon Məhkəməsində məhz Namaz qıldığı üçün həbsdə olan "maide.az" saytının baş redaktoru, İlahiyyatçı Sərdar Babayevin cinayət işi üzrə proses başa çatdı.

Bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb: S. Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il fevralın 22-də Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb. Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.


Dağlıq Qarabağ münaqişəsi: görüş var, nəticə yoxdur

2017-ci il Dağlıq Qarabağ danşıqlarında ən uğursuz illərdən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan prezidenti İlham Əliyev erməni həmkarı Serj Sarkisyanla bu ilin oktyabrında Cenevrədə görüşsələr də, münaqişənin həllində heç bir irəliləyiş olmayıb.


MTN generalının 12 illik həbsi

İlin maraqla izlənən hadisələrindən biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının məhkəməsi oldu. Xüsusilə, MTN-nin yüksək vəzifəli şəxsi Akif Çovdarovla bağlı epizodlar diqqət çəkdi. Çünki onun adı ictimaiyyətə 2008-ci illərdən tanış idi və "Azadlıq" qəzetinin o vaxtkı müxbiri Aqil Xəliin Bakıda "Zeytunluq bağı" ərazisində döyülməsi Akif Çovdarova bağlanmışdı.

Hərçənd Baş Prokurorluq həmin vaxt məlumat yayaraq Akif Çovdarovun istintaqda şahid kimi dindirildiyini və faktın təkzib olunduğunu desə də, MTN məsələsi gündəmə gələn kimi yerli media məhz bu olayı xatırladı.

Akif Çovdarov ötən il həbs olunsa da, istintaq-məhkəmə dövrü 2 ilə yaxın çəkib.

Xidmət müddəti ərzində 19 dəfə müxtəlif növ mükafatlara layiq görülən, bir orden, iki medalla təltif edilən, general-mayor rütbəsinədək qalxan Akif Çovdarov sahibkarlara qarşı təzyiqlərdə, onları hədələmədə, kobud rəftarda, vəzifə səlahiyyətlərini aşmada ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Akif Çovdarov məhkəmə boyu ayrı-ayrı epizodların bəzisini təkzib edib, bəzisinin də başqa cür baş verdiyini söyləyib. Keçmiş MTN-çi ona verilən ittihamların hamısını rədd edib.


Keçmiş polisin intiharı

Bir MTN generalı həbsə göndərildi, "MTN məhbusu" olmuş keçmiş yüksək polis əməkdaşı intihar etdi. Söhbət adam oğurluğunda, adı ondan çox qətldə hallanmış və ömürlük həbs cəzasına məhkum edilmiş DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovdan gedir.

O, dekabrın əvvəlində intihar etdi. Daha doğrusu, rəsmi versiya intiharın üzərində dayandı. Müstəqil təhqiqatçılar isə buna şübhə ilə yanaşdılar. Onlar hesab edirlər ki, həbsindən sonra MTN-in ləğvinə qədər bu qurumun təcridxanasında saxlanan, nazir Eldar Mahmudovun vəzifəsiz qalmasından sonra yenidən məhkəmə prosesi istəyən Hacı Məmmədovun "danışmasını istəmədilər".

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Hacı Məmmədovun bir neçə ağır xəstəliyi olduğu və buna görə də intihar etdiyi, bunu da öz əliylə məktubda yazması açıqlaması şübhələri dağıtdımı?

Hər halda 2005-ci ilin martında Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyevin - onun özü də indi həbsdədir - xanımı Zamirə Hacıyevanın oğurlanması ilə bağlı o zamankı MTN-in keçirdiyi "Qara kəmər" əməliyyatından sonra həbs edilən Hacı Məmmədovun "qara bioqrafiyası" uzun müddət ortada fırlanacaq: çünki onun özündən sonra MTN təcridxanasında çəkdiyi və mərhum hüquq müdafiəçisi Elçin Behbudovun "şifrəli" deyə ictimayyətə təqdim etdiyi rəsmləri qalıb.


Bakıda İslam Oyunları: Ən çox qızılı Azərbaycan apardı

Enişli-yoxuşlu il kimi keçən 2017 bir də Azərbaycanın çoxminli idman oyununa ev sahibliyi ilə yadda qalacaq.

Bu ilin yazında 54 ölkənin 3 mindən çox atleti IV İslam Həmrəyliyi Oyunlarına qatılmaq üçün Azərbaycana gəldi.

Gənclər və İdman Nazirliyi təkcə bilet satışından 3 milyon manat gəlir əldə etdiyini açıqlamışdı: 59 ölkədən 360 min tamaşaçıya bilet satılmışdı.

Oyunların açılış və bağlanış mərasimləri hökumətə 20 milyon manata başa gəlmişdi, rəsmilər açıqlamışdılar. Rəsmilər oyunlara, ümumilikdə 40 milyon xərcləndiyini desələr də, BBC Azərbaycancanın araşdırmasına görə, Azərbaycan son illər ev sahibliyi etdiyi Formula 1-lə bərabər IV İslam Həmrəyliyi Oyunlarına 124 milyon dollar büdcə ayırıb.

O ki qaldı medallara, yarışlarda ən çox qızıl medal Azərbaycanın payına düşdü. Azərbaycan yığması 75 qızıl, 50 gümüş, 37 bürünc medalla IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.

Bu tədbir, həmçinin yarışların keçirildiyi müddətdə ölkədə Whatsapp, Facebook Messencer, Viber, Skype, Facetime kimi virtual ünsiyyət vasitələrinin işləməməsi ilə yadda qaldı.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky