Tarixi Xronika

“Subtropik əməliyyatı” adı altında Talış xalqına qarşı quldurluq və soyğunçuluq... (Arxiv)

“Subtropik əməliyyatı” adı altında Talış xalqına qarşı quldurluq və soyğunçuluq... (Arxiv)

Hilal Məmmədov: "...Azərbaycan Talış Xalq Partıyasının (ATXP) Bakıda keçirilən 25 iyul 1992-ci il tarixli təsis qurultayında bu olayı kəskin şəkildə tənqid edərək, yenicə seçilmiş (17 iyul) prezident Ə.Elçibəydən bu hadisəyə siyasi qiymət verilməsini tələb etdik... Əfsus ki, o vaxtlar digər instansiyalara da saysız-hesabsız müraciətlərimiz cavabsiz qaldı..."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: 26 il öncə, 16 iyul 1992-ci il tarixdə, bilavasitə o vaxtkı DİN naziri İ.Həmidovun rəhbərliyilə Talış regionunda “Subtropik əməliyyatı” adı altında açiq-aşkar quldurluq və soyğunçuluq əməliyyatı həyata keçirildi... Az-çox imkanlı insanların mal-dövlətləri əllərindən quldurcasına alınmaqla yanaşı, Astaranın Şahağac kəndində bir ailə və evi yerlə yeksan edildi... DİN-nin özbaşınalığının meydan oxuduğu bir dövrdə, biz, Azərbaycan Talış Xalq Partıyasının (ATXP) Bakıda keçirilən 25 iyul 1992-ci il tarixli təsis qurultayında bu olayı kəskin şəkildə tənqid edərək, yenicə seçilmiş (17 iyul) prezident Ə.Elçibəydən bu hadisəyə siyasi qiymət verilməsini tələb etdik... Əfsus ki, o vaxtlar digər instansiyalara da saysız-hesabsız müraciətlərimiz cavabsiz qaldı... 16 iyul 1993-ci ildə Astarada bu faciənin ildönümünü keçirtməyə də bəzi “yerli danabaşlar” maneələr yaratmağa çalışdı... Əslində İ.Həmidovun bu soyğunçuluğu həmin “danabaşların” - yerli polis və digər strukturların və qərəzli şəxslərin dəstəyi və hətta “işverənliyi” sayəsində baş vermişdi... Bütün bunlara baxmayaraq, bir çox məqalə və sosial şəbəkələrdəki statuslarda səhvən iddia edildiyi kimi, həmin əməliyyatı Ə.Elçibəylə də bağlamaq olmaz! Belə ki, o vaxtlar İ.Həmidov prezident Ə.Elçibəyə də az problemlər yaratmamışdı... Saniyən, xeyli təəssüflə, bunu da qeyd etmək istəyirik ki, bu gün yerli-yersiz, həm Ə.Elçibəyi, həm də İ.Həmidovu qınayan və mühakimə edən bəzi boşboğaz şəxslər o vaxtlar nəinki bu faciəyə susmuş, hətta müvəqqəti hakimiyyətləri dövründə o soyğunçuluğa vasitə olmuş yerli nökərləri də yanlarında qulluq sahibləri etmişlər... AXC-dən sonrakı hakimiyyət isə şəxsi qərəz mövgelərindən İ.Həmidov və d. AXC fəallarını həbs etsə də nəinki bu hadisəyə siyasi qiymət verməmiş, əksinə, onlar da bu faciəyə vasitə olmuş “qulluqçuları” daha mötəbər vəzifələrə təyin etmişlər...Odur ki, yalnız İ.Həmidov deyil, bu faciənin arxasında duran insanlar da bir gün heç olmazsa Vicdan məhkəmələri qarşısında cavab verməli olacaqlar...

Əziz dostlar! Aşağıda, o vaxtlar xeyli populyar olan “Aydınlıq” qəzetinin Şahağac kəndinə ezam edilmiş, gördükləri və eşitdiklərini ürək ağrısıyla qələmə almış müxbirinin kiçik bir yazısını nəzərinizə çatdırırıq... Lütfən, oxuyun və qismən də olsa o faciənin mahiyyətini dərk etməyə çalışın....

(Hilal Məmmədovun şəxsi feysbuk səhifəsinə istinadla)

 

S.Məlikoğlu

ÖLDÜRƏN KİM, ÖLƏN KİM?

Həyatımda üç dəfə sağ olmağıma, yaşamağıma görə xəcalət çəkmişəm. Birinci dəfə - yanvar şəhidlərinin dəfni zamanı cənazələri, izdihamı və açıq qəbirləri görəndə. İkinci dəfə - naxçıvanlı dostum Taran Qulamov Sədərək döyüşçüləri üçün silah və sursat apararkən 14 yaşlı qızı onun yaxasından tutub: “Ata, qurban olum, məni də özünlə apar, qoy şəhid olum” deyəndə. Üçüncü dəfə Astara rayonu Şahağacı kəndində, dəniz kənarında balıqçı Gülağanın tifağı dağılmış, ocağı sönmüş həyətində onun iki itinin və üç ördəyinin heç yerə getmədiyinin şahidi olanda.

16 iyul 1992-ci il gecəsi Şahağacı kəndində övlad təşnəli yalqız bir evi hər tərəfdən dövrələdilər. 150 soyuq lülə birdən tuşlandı bu xanimana. Od vurdular, yandırdılar. Bircə külü qalmış cəsədlər, viranə həyətdə isə Dəcl, Kəc, Niç adlı üç it və üç ördək qaldı.

Dəcl sahibinin qətlinə dözmədi. Fikirdən, xiffətdən bir həftə heç nə yemədi. Səkkizinci gün canını tapşırdı. Kəc ilə Niç isə qonşu əppəyinə möhtac qalsalar da, başlarını əlləri üstə qoyub, üç ördəyə keçik çəkir, Gülağanın qayıdacağına hələ də inanırlar...

Mə”şum gecənin şahidi, çəpər qonşusu Dadaş Məmmədov: Gecə yarısı güllə səsinə oyandım. Çayçı Əflatunun qışqırığını eşitdim: “Lənkərandan Gülağanı öldürməyə gəliblər”. 6 RAF maşını dolu əsgər Gülağanın evinə yaxınlaşdı... Əli silahlılara yaxınlaşdım. İki nəfərlə söhbət etdim. “Sumqayıtdanıq – dedilər. İnstitutda oxuyuruq. Sərhəd adı ilə bizi bura döyüş meydanından - Qarabağdan məcburi gətiriblər. Hələ də bilmirik nə baş verib, nə məsələdir”. Dadaş kişi söhbətinə davam edir: Heç kəsi yaxına buraxmadılar. Dörd tərəfdən evi gülləbarana tutdular. Sarı çarpayı örtüyünün altında uşaq adı ilə Gülağanın varidatını yığıb çıxartdılar. Sonra qumbaraatanla vurub evi dağıtdılar, od saldılar. Hətta rayon polisinə belə yaxına gəlməyə icazə vermədilər. Ev tamamilə kül olduqdan sonra səhər saat 8-ə işləyəndə çıxıb getdilər.

Şahağacı 1 nömrəli məktəbin direktoru Ramiz Həsənov: 60 nəfər yığışıb prezident aparatına getdik. Tə`kidlərimizə baxmayaraq, prezidentin yanına buraxmadılar. Hüquq işləri üzrə müşavir İxtiyar Şirinov bizi könülsüz qəbul etdi. Cavabı bu oldu ki, bu işlə məşğul olmaq səlahiyyətimdən kənardır. Arayış gətirin. Qanunları işə salaq. Sonra rayon icra başçısının Şahağacıdakı nümayəndəsi Şirzad Quliyev, kəndin baş mollası Ramazan Dövlətov və AXC üzvü Xaliddin Hüseynovla Tamerlan bəy Qarayevin yanında olduq. O bizə dedi ki, yüz faiz arxayın olun. İnsan hüquqları komissiyasının sədri Ramiz Fətəliyevi göndərəcəyik. Xalq deputatı İsmayıl Şıxlı da bizi dinləyəndən sonra Tamerlan bəyin sözlərini təkrarlayaraq, əlavə etdi: “Bu, vəhşilikdir. Qorxu, zülm altında adamları saxlamaq, süngü üstə çox oturmaq olmaz”.

Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, nə T.Qarayevdən, nə İ.Şıxlıdan, nə R.Fətəliyevdən, nə də prezident aparatından səs-soraq yoxdur. Gülağanın qanı batırılır. Şəhidlərin, xocalıların günahsız qanı kimi.

...Gözləri yolda, qulaqları səsdə Kəclə Niçin. Gülağadan xəbər tutan, nakam ruhu ilə rastlaşan olsa, xəbər versin ki, onlar viranə həyətin xarabalığını, bir də üç ördəyi sədaqətlə qoruyurlar.

(“Aydınlıq” qəzeti, 1993, 20 iyul)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky