Aşura Xilqətin Sirri

İmam Hüseyn (ə) və Ərbəin

  • News Code : 789338
  • Source : Azərbaycan KİV-i
Brief

Seyid ibn Tavus: “Əhli-beyt əsirləri Şamdan yola düşüb İraqa çatdıqda, karvanın rəhbərindən onları Kərbəlaya aparmasını istədilər. Karvanın rəhbəri onların istəyini yerinə yetirdi. Əsirlər Kərbəlaya çatdıqda...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- Səfər ayının 20-i “Ərbəin” günüdür, yəni İmam Hüseynin (ə) və səhabələrinin şəhadətinin 40-cı günüdür. Əlbəttə, unutmaq olmaz ki, İmam Hüseynin (ə) əhli-əyalının əsarətindən də 40 gün keçir. Kərbəla vaqiəsi ilə bağlı Səfər ayının 20-nə təsadüf edən hadisələr aşağıdakılardan ibarətdir:

1. İMAM HÜSEYN (Ə) VƏ KƏRBƏLA ŞƏHİDLƏRİNİN ƏRBƏİNİ

61-ci hicri-qəməri ilinin səfər ayının 20-i Aşura faciəsi, İmam Hüseyn (ə) və dostlarının şəhadəti, eləcə də, o həzrətin əhli-əyalının əsarətinin qırxıncı gününə təsadüf edir. Seyid ibn Tavus “Lühuf” kitabında yazır ki, Əhli-beyt əsirləri Şamdan yola düşüb İraqa çatdıqda, karvanın rəhbərindən onları Kərbəlaya aparmasını istədilər. Karvanın rəhbəri onların istəyini yerinə yetirdi. Əsirlər Kərbəlaya çatdıqda, İmam Hüseynin (ə) ziyarətinə gələn Cabir ibn Abdullah Ənsari və Haşimilərdən bir dəstə ilə qarşılaşdılar. Onlar birlikdə Kərbəlaya daxil olub, şəhidlərə matəm saхlayaraq əzadarlıq etdilər. Bu əzadarlıq ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələrə çatdı. Onlar da bu matəmə qoşulub, bir nеçə gün yas məclisləri qurdular. (“Lühuf”, Seyid ibn Tavus, səh.142.)

2. CABİR İBN ABDULLAH ƏNSARİNİN KƏRBƏLA ZİYARƏTİ

İslam Peyğəmbərinin (s) səhabəsi Cabir ibn Abdullah Ənsari Mədinədən hərəkət edib, 61-ci hicri-qəməri ilinin səfər ayının 20-də, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü Kərbəlaya daxil olur və Ətiyyə Ovfi adlı bir şəxslə İmam Hüseynin (ə) qəbrini ziyarət edir. Ətiyyə Ovfi deyir: “Cabir ibn Abdullah Ənsari ilə birlikdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə Mədinədən hərəkət edib Kərbəla torpağına çatdıqda, Cabir Fərat çayında qüsl edib özünü ətirlədi və zikr dediyi halda müqəddəs qəbrə yaxınlaşdı. Mənə dedi: “Əlimi qəbrin üstünə qoy!” Mən Cabirin əlini İmamın (ə) qəbrinin üstünə qoyduqda, huşdan getdi. Mən onun üzünə su səpdim ki, ayılsın. Cabir özünə gəlib üç dəfə “Ya Hüseyn!” dedi. Sonra əlavə etdi: “Dost dosta cavab verməzmi?” Sonra öz-özünə belə dedi: “Cabir, cavabmı gözləyirsən? Bir halda ki, Hüseyn öz qanına boyanmış və başı bədənindən ayrılmışdır.” Cabir İmam Hüseynə (ə) və o həzrətin ətrafında dəfn olunan şəhidlərə salam-salavat göndərdikdən sonra dedi: “Mühəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz də siz şəhidlərin əməllərinə şərikik!” Mən Cabirə dedim: “Axı biz bir iş görməmişik (Kərbəla şəhidləri ilə birgə döyüşməmişik), onlardır şəhid!” Cabir dedi: “Ey Ətiyyə! Bir gün həbibim Rəsulullahın (s) belə buyurduğunu eşitdim:

“Hər kim bir zümrəni sevsə, həmin zümrə ilə məhşur olar və hər kim bir zümrənin əməlini sevsə, həmin zümrənin əməlinə şərik olar!” (“Biharul-ənvar”, c.65, səh.130.)

3. ƏHLİ-BEYT ƏSİRLƏRİNİN KƏRBƏLA VƏ YA MƏDİNƏYƏ QAYIDIŞI

Bəzi mənbələrdə Əhli-beyt əsirlərinin “Ərbəin” günü Şamdan Kərbəlaya, bəzi mənbələrdə isə Mədinəyə daxil olduqları göstərilir. Lakin tarixçilər arasında əsirlərin “Ərbəin” günü Kərbəlaya qayıtdıqları ilə bağlı fikir ayrılığı mövcuddur. Seyid ibn Tavus “Lühuf” kitabında, Şeyx Abbas Qummi də “Müntəhəl-amal” kitabında İmam Hüseynin (ə) əhli-əyalının Şamdan qayıdarkən Kərbəlaya döndükləri haqda məlumat verilir. Qeyd etdiyimiz kimi, əsirlər karvanı Kərbəlaya çatdıqda, Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsarinin bir qrup Haşimi ilə İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ziyarətinə gəldiklərini də görürlər. (Cabir ibn Abdullah Ənsarinin Səfər ayının 20-də – Ərbəin günü Kərbəlaya daxil olduğunu nəzərə aldıqda, əsirlər karvanının da həmin gün Kərbəlaya daxil olduğunu demək olar.)

Şeyx Müfid və Şeyx Tusi kimi digər alimlər isə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər.

4. İMAM HÜSEYNİN (Ə) MÜQƏDDƏS BAŞININ PAK BƏDƏNİNƏ QOVUŞMASI

Bəzi mənbələrdə göstərilir ki, Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü İmam Səccad (ə) atası İmam Hüseynin (ə) müqəddəs başını Şamdan Kərbəlaya gətirib, o həzrətin qəbrində dəfn edir.

ƏRBƏİN VƏ ALİMLƏR ARASINDA FİKİR AYRILIĞI

Birinci nəzər: “Həbibüs-siyər” adlı tarix kitabında yazılır: “Yezid Kərbəla şəhidlərinin müqəddəs başlarını Əli ibn Hüseynə (ə) (İmam Səccada) verdi və o həzrət də səfər ayının 20-i – Ərbəin günü şəhidlərin başlarını pak bədənlərinə qovuşdurduqdan sonra Mədinəyə doğru hərəkət etdi. (“Nəfəsül-məhmum”, əsərindən nəqlən, səh.466.)

Əbu Reyhan Biruni də “Asarul-baqiyə” əsərində yazır: “Səfər ayının 20-də, “Ərbəin” günü Əhli-beyt əsirləri Şamdan Kərbəlaya çatıb, İmam Hüseynin (ə) müqəddəs başını qəbrində dəfn etdilər.” (Məqtəlül-Hüseyn (ə) kitabından nəqlən, Müqərrəm, səh.371.) Seyid ibn Tavus “Lühuf” kitabında (səh.82), İbn Nəma da “Musirul-əhzan” kitabında (səh.107) bu nəzəri irəli sürmüşlər.

İkinci nəzər: Bəzi tarixçilər də İmam Hüseynin (ə) əhli-əyalının Aşura faciəsindən bir il sonra, yəni 62-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya gəldikləri və elə həmin ildə İmam Hüseynin (ə) müqəddəs başını özləri ilə gətirib o həzrətin qəbrində dəfn etdikləri haqda məlumat vermişlər. İbn Covzi yazır: “Əhli-beyt əsirləri Şamdan qayıdarkən Kərbəlaya dönməmiş və birbaşa Mədinəyə üz tutmuşlar. Onlar İmam Hüseynin (ə) müqəddəs başını özləri ilə birlikdə Mədinəyə aparmış və sonradan Kərbəlaya qayıdıb o həzrətin qəbrində dəfn etmişlər.” “Qəmqam-Zəxxar” əsərində (səh.586) yazılır: “Kərbəladan Kufəyə və Kufədən də Şama qədər olan məsafəni nəzərə aldıqda, İmam Hüseynin (ə) əhli-əyalının 61-ci hicri-qəməri ilinin səfər ayının 20-də Kərbəlaya daxil olması mümkünsüz və ağlasığmaz bir məsələ olduğunu demək olar. Əhli-beyt əsirlərinin Kərbəlaya dönüşü növbəti ildə, yəni 62-ci hicri-qəməri ilində baş vermişdir. Cabir ibn Abdullah Ənsari də elə 62-ci ildə İmam Hüseynin (ə) ziyarətində olmuşdur.”

Üçüncü nəzər: Şeyx Müfid və Şeyx Tusi kimi bəzi alimlər isə Əhli-beyt əsirlərinin səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər. “Misbah” kitabında yazılır: “İmam Hüseynin (ə) əhli-əyalı İmam Səccad (ə) ilə birlikdə səfər ayının 20-də Mədinəyə çatmışlar.

Mənbələr: “Lühuf”, Seyid ibn Tavus; “Təqvimi-şiə”, Əbdülhüseyn Nişapuri-1387; “Məfatihi-novin”


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky